Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ həftəsi” layihəsi çərçivəsində Xankəndi rayonuna həsr olunmuş sonuncu təqdimat keçirildi

27 may 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə həyata keçirilən və may ayının 16-dan start götürən “Qarabağ həftəsi” layihəsi artıq yekunlaşdı.
27 may 2016-cı il tarixdə 103, 217 və 313 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə Xankəndi rayonuna həsr olunmuş “Yaddan çıxmaz Xankəndim-Qarabağ” adlı sonuncu təqdimat keçirildi. Təqdimatda münsiflər heyətinin üzvü - YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, təşkilatın əməkdaşları Kubra Əliyarlı, Səbinə Zeynalova, Zamin Süleymanov, 217 və 313 saylı orta məktəblərin rəhbərlik və müəllim-şagird kollektivi iştirak etdilər.
Təqdimata başlamazdan öncə əməkdar artist, xanəndə Elnarə Abdullayevanın “Şuşam yerindəmi?” adlı ifası videçarx vasitəsilə təqdim edildi. Daha sonra təqdimata “Qarabağın qürbətdəki girov qızı Ağabəyim Ağa” adlı səhnəcik nümayiş etdirildi.
Daha sonra təqdimatda müğənni Səxavət Məmmədovun “Xarı Bülbül” mahnısının ifası videoçarx vasitəsilə təqdim edildi.
Tədbirin aparıcıları Xankəndinin tarixi haqqında slaydlarla ətraflı məlumat çatdırdılar. Bildirildi ki, Azərbaycanın əzəli-əbədi torpağı olan Xankəndi rayonunun əsası XVIII əsrin 60-cı illərində Qarabağ xanı İbrahimxəlil xan tərəfindən qoyulub. Slaydda Xankəndi rayonu haqqında bütün tarixi hadisələr xronoloji ardıcıllıqla təqdim edildi. Xankəndi rayonu haqqında təqdimatda həmçinin Gülüstan müqaviləsinin mahiyyəti çatdırıldı və şagirdlərin ifasında “Gülüstan” poemasından şeir səsləndirildi. Və nəhayət 1993-cü ilin dekabrın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən işğal olunması və indiki vəziyyətindən bəhs edən videoçarx göstərildi. Müğənni Tacir Şahmalıoğlunun ifasında “Bayatı-Şiraz”la izlənilən videoçarxda erməni vandallarının işğalçılıq siyasəti və bütün Qarabağın vəhşicəsinə dağıdılması faktları çatdırıldı.
Təqdimatda həmçinin “Xurşudbanu Natəvan” səhnəciyi nümayiş etdirildi.
Təqdimat məktəblərin istedadlı şagirdlərinin ifasında “Azərbaycan” mahnısının (xorda) oxunması ilə yekunlaşdı.
Təqdimatda çıxış edən 313 saylı orta məktəbin direktoru Zakir Bayramov vətənpərvərlik layihələrinin yeniyetmə və gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyə olunmasındakı əvəzsiz rolundan danışdı. Bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğuladı.
YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva təqdimatda çıxış edərək “Qarabağ həftəsi” layihəsi haqda məlumat verdi. Ölkəmizdə güclü vətənpərvər gəncliyin yetişdiyini və bununla qürur duyulduğunu söylədi. Cari ilin aprel ayında cəbhə bölgəsində baş verən atışmalardan söhbət açaraq şəhid olmuş və yaralanmış oğlullarımızın qəhrəmanlıqlarından bəhs etdi. Azərbaycanın güclü ordusunun Qarabağ torpaqlarını işğaldan azad etmək əzmində olduğunu vurğuladı.

Keçidlər