Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirildi

16 yanvar 2017 | 11:00

16 yanvar 2017-ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı  Corc  Enescu adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirildi.
Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsində xüsusi önəm vardır. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə, Rumıniya mədəniyyətinin “dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Seymur Hacıyev və Emil Lətifov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı  qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsi Dilbər Şükürova, səfirliyin və  Binəqədi rayon bələdiyyəsinin əməkdaşları iştirak etdilər.
Əvvəlcə səfirliyin əməkdaşları və tədbir iştirakçıları tanınmış rumın bəstəkar Corc  Enescunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoydular.
Sonra Azərbaycan və Rumıniya Respublikalarının Dövlət himnləri səsləndirildi.
Tədbiri çıxış nitqi ilə açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışdı. O qeyd etdi ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir o cümlədən, təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.
Səfirdən sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd etdi.
Çıxışlardan sonra şairə, Rumıniya səfirliyinin əməkdaşı Fəridə Hacıyeva Corc Eneskunun Azərbaycan dilinə tərcümə etdiyi şeirlərini səsləndirdi. Tədbirin bədii hissəsi Azərbaycanda yaşayan rumın ailənin azyaşlı övladının səsləndirdiyi şeirlə bitdi.
Son olaraq abidənin önündə xatirə fotosu çəkdirildi.

Keçidlər