Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən və 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Xocəsən bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

14 yanvar 2017 | 11:00

13 yanvar 2017-ci il tarixdə 313 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Xocəsən bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Elşad Rəhimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat tədbirini  giriş  nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev, 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Əlipaşa Xankişiyev və Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər və çıxış edənlər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə  fikir mübadiləsi və müzakirələr apardılar.
Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf  2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Bununla belə qeyd edildi ki, qəsəbələrin ərazisində torpaqların zəbt edilməsi, qanunsuz tikinti işlərinin aparılması, tullantılarla çirkləndirilməsi və yararsız hala salınması halları qalmaqda davam edir, qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrində inşa edilmiş evlərin sökülməsi zamanı əhaliyə kompensasiyaların verilməsi ilə əlaqədar zəruri izahat işləri aparılmır.
Rayon bələdiyyələrinin fəaliyyətində, bələdiyyə vergi və rüsumlarının yığılmasında, vətəndaşları narahat edən yerli əhəmiyyətli məsələlərin həllində, sakinlərin müraciətlərinə baxılmasında nöqsanlara yol verilir, bəzi bələdiyyələr öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməmişdir.
Vətəndaşların müraciətlərinə baxılması, təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülsə də, vətəndaş məmnunluğunu tam təmin etmək mümkün olmamışdır. Yerlərdə vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.
Kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir.
Rayon ərazisində qanunsuz valyutadəyişmə məntəqələrinin, qumarxana və mərc oyunlarının, insan alverinə şərait yaradan obyektlərin aşkar edilərək, onların fəaliyyətinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.
Dövlət və bələdiyyə qulluğunda çalışan, məsul vəzifə tutan əməkdaşlara, onların bilik və bacarığının artırılmasına, etik davranış qaydalarına ciddi əmək olunmasına tələb artırılmalıdır.
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistem və inistitusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan, dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.
Sonda qeyd edildi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.
Tədbirin yekununda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə  və 75 illik yubileyi ilə əlaqədar Xocəsən Ağsaqqallar Şurasının üzvü Ağayar Məmmədovu təbrik etdi.

Keçidlər