Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi qəsəbə bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

17 yanvar 2017 | 11:00

17 yanvar 2017-ci il tarixdə Binəqədi qəsəbə Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi qəsəbə bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Qəsəbə Bələdiyyələri Milli Assossiasiyasının məsul işçisi Tofiq Həsənov, rayonun kommunal xidmət müəssisələrinin və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbirin mahiyyəti barədə məlumat verərək müzakirə olunacaq məsələlərin gündəliyini elan etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzələr ətrafında qəsəbə sakinləri Mərziyə Hüseynli, Şahrza Ağayev və Çingiz İsmayılov çıxış edərək hər iki hesabata öz münasibətlərini bildirməklə 2017-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər öz təklif və tövsiyələrini səsləndirdilər. Müzakirələrdə çıxış edənlər əhalini narahat edən məsələlərə toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi və müzakirələr apardılar.
Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Bununla yanaşı qeyd edildi ki, qəsəbədə torpaqlardan istifadənin vəziyyəti qənaətedici deyildir. Belə ki qəsəbə ərazisində torpaqların zəbt edilməsi, qanunsuz tikinti işlərinin aparılması, tullantılarla çirkləndirilməsi və yararsız hala salınması halları qalmaqda davam edir, qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir.
Bələdiyyələrin, o cümlədən Binəqədi qəsəbə bələdiyyəsinin fəaliyyətində, bələdiyyə vergi və rüsumlarının yığılmasında, vətəndaşları narahat edən yerli əhəmiyyətli məsələlərin həllində, sakinlərin müraciətlərinə baxılmasında nöqsanlara yol verilir.
Vətəndaşların müraciətlərinə baxılması, təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülsə də, vətəndaş məmnunluğunu tam təmin etmək mümkün olmamışdır. Yerlərdə vətəndaşların müraciətlərlə əlaqədar qarşılanması və yönləndirilməsi,onların qəbulunun təşkili, müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.
Məişət tullantılarının yığışdırılması və daşınması, əhaliyə digər kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir.
Dövlət və bələdiyyə qulluğunda çalışan, məsul vəzifə tutan əməkdaşlara, onların bilik və bacarığının artırılmasına, etik davranış qaydalarına ciddi əməl olunmasına tələb artırılmalıdır.
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, bələdiyyə və nümayəndəliyin fəaliyyətində şəffaflıq artırılmalıdır.
Sonda hər iki müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edildi və qeyd edildi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.

Keçidlər