Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

16 fevral 2017 | 11:00

16 fevral 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Madər Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başladı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Natiq çıxışında bildirdi ki, artıq 25 ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
Natiq bildirdi ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Ölkə prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəkləndi, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirildi.
Daha sonra hesabat yığıncağında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kəmaləddin Qafarov, 284 saylı orta məktəbin direktoru  Nizami Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular. 
Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.
Hesabat yığıncağına Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vuraraq bildirdi ki, 2017–ci ildə də Dövlət başçısı cənab İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və naliyyətlərimiz daha çox olacaqdır. Çünki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Keçidlər