Şriftin ölçüsü :

Saytın rəngi :

“Qanlı qızıl toy” tamaşasının premyerası keçirildi

13 mart 2017 | 11:00

13 mart 2017-ci il tarixdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Qanlı qızıl toy” tamaşasının premyerası keçirildi.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçirilən premyera tamaşasından əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev çıxış edərək Milli Teatrın tarixindən danışdı, rəhbərlik etdiyi teatrın 135 illik yubileyi olduğunu qeyd etdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək bildirdi ki, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. 10 mart tarixində “Milli Teatr Günü”nün qeyd edildiyini vurğulayan natiq bu bayram münasibətilə bütün teatr ictimaiyyətini, sənət adamlarını təbrik etdi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı adından C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 135 illik yubiley münasibətilə təbrik məktubunu çatdıran Vüsar İsmayılov teatrın fəaliyyətini, milli mədəniyyətin inkişafında, ölkəmizin, eləcə də rayonumuzun mədəni həyatında əhəmiyyətli rol oynadığını vurğuladı. Natiq bildirdi ki, “İrəvan Dövlət Azərbaycan Dram Teatrının Binəqədi Rayon İcra Hakimiyyəti ilə sıx və əlaqəli əməkdaşlığı, rayon ərazisində həyata keçirilən tədbirlərdə, müxtəlif tarixi günlərdə yaxından iştirakı təqdirəlayiqdir. İnanıram ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaqdır”.
Sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ifasında “Qanlı qızıl toy” tamaşası nümayiş olundu. Tamaşa teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Osman və Süsən” əsəri əsasında səhnələşdirilib. Şuşanın müdafiəsində qəhrəmanlıq göstərən igidlərimizin xatirəsinə həsr olunmuş əsərdə baş rolları xalq artisti Rəfael Dadaşov və əməkdar artist Hicran Nəsirova ifa etdilər. Digər rolları isə əməkdar artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Rövşən Cəfərov, Əhliman Ərşadlı, Səbinə Cəfərova, Şəbnəm Cəbrayılova və başqaları canlandırdılar.

Keçidlər