Binəqədi rayonunda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birinci hesabat- seçki konfansı keçirildi
21 aprel 2017-ci il tarixdə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvləri, Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri və fəal gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İctimai şuranın sədri Aslan Mehdiyev iclasın gündəliyini qonaqlara təqdim edərək Şuranın son iki il ərzində fəaliyyəti barədə ətraflı və hesabat xarakterli çıxış etdi.
Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq, yekdilliklə qəbul olundu.
Daha sonra İctimai şuranın üzvü, rayonun din xadimi Musa İbrahimov çıxış üçün söz aldı. Natiq çıxışında ölkə başçısının hər sahədə olduğu kimi, milli-mənəvi dəyərlər kontekstində həyata keçirdiyi dövlət siyasətindən vətəndaş kimi razı qaldığını və 2017-ci ilin “İslam Həmrəyliyi” ili elan olunmasının və bu il ölkəmizdə baş tutacaq IV İslam Həmrəylik Oyunlarının dünyaya bir sülh mesajı olduğunu və dərin məna ifadə etdiyini ehtiva etdi.
Tədbir zamanı çıxış edən digər natiqlər, ictimai şuranın sədr müavini Həmid Mehdiyev, şuranın üzvləri Əli Sadıqov və İlham Qayıbzadə şuranın növbəti iki il ərzində qarşıya qoyulan işlərdə daha böyük səylə çalışacağını ifadə edərək, ictimai nəzarət mexanizminin inkişafına dəstəyinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra Şuranın növbəti iki il üçün yeni tərkibi, sədri, sədr müavini və katibi səsə qoyularaq seçildilər.
Tədbirə yekun vurmaq üçün son söz Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevaya verildi. A.Əliyeva Şuranın yeni tərkibinin təsdiq olunması münasibətilə üzvləri Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Natiq çıxışında Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydalı olacağını bildirərək, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq- quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə etdi. O bildirdi ki, bunun üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının müvafiq şöbəsi də bu məsələyə diqqətini bir qədər artıracaqdır.