Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Bakı–2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq!” adlı ağacəkmə aksiyası keçirildi

08 may 2017 | 11:00

6 may tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq!” adlı ağacəkmə aksiyası keçirildi.
Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru  Elçin Səfərov, Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev, Binəqədi Rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Polad Abdullayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, müxtəlif islam ölkələrindən olan tələbələr iştirak etdilər.
Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən ağacəkmə aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələrin davamı olaraq uğurla həyata keçirildi və aksiya zamanı ümumilikdə 500 ədəd zeytun, şam ağacı, kiparis və leylandra ağacları əkildi və onlara qulluq göstərildi.
Ağacəkmə aksiyasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının maskotları və  könüllülər də iştirak edərək aksiyaya rəngarənglik qatdılar. O cümlədən, Binəqədi rayonu, 297 saylı məktəbin şagirdləri tərəfindən flaşmob nümayiş edilərək “Bakı-2017” yazısı yazıldı. Daha sonra gənclərlə görüş keçirildi.
Çay süfrəsi ətrafında başlanan görüşü açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov keçirilən görüşün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutduğunun əhəmiyyətindən danışdı və bildirdi ki, gənclər hər zaman dövlətimizin gələcəyi hesab edilir. Natiq bildirdi ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin  qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkəmizdə bu işin hər zaman yüksək səviyyədə təşkil edildiyini bildirən rayon rəhbəri bu gün gənclərə dövlət başçısı tərəfindən verilən diqqətin yüksək səviyyədə olduğunu nəzərə çatdırdı. Həmçinin, natiq bildirdi ki, əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu  artıq sübut edib. Gəncliyin ölkə başcısı İlham Əliyevin  ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza  atacaqdır.
Daha sonra çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru  Elçin Səfərov bildirdi ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 6 gün qalmış belə bir görüşün keçirilməsi olduqca təqdirəlayiqdir. Məhz buna görə iştirakçılara  təşəkkür edən Elçin Səfərov oyunlarda könüllü gənclərin rolunun olduqca böyük olmasını diqqətə çatdırdı. Natiq qeyd etdi ki, Avropa oyunlarında olduğu kimi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da gənclərin həmrəyliyi ilə birlikdə möhtəşəm anlar ilə tarixə yazılacaqdır.
Çıxışlardan sonra görüş gənclərin qarşılıqlı müzakirəsi və sualları ətrafında davam etdi, gənclər dövlətimizin onlara göstərdiyi diqqət və dəyərdən danışaraq, ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.
Səmimi keçən görüşdə Bakı–2017 İslam Həmrəyliyi Oyunlarını əks etdirən tort kəsildi, xatirə fotosu çəkildi.

Keçidlər