Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ümumrayon iməciliyi, ağacəkmə və güləkmə aksiyaları keçirildi

10 may 2017 | 11:00

Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi, ağacəkmə və güləkmə aksiyaları keçiridi.
Ulu öndərin doğum günü münasibətilə hər il ənənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yaddaqalan oldu. Gül bayramı ilə əlaqədar may ayının 10-dan başlayaraq rayonun bütün park, bağ və xiyabanlarında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri , bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  iməciliklər, ağacəkmə və güləkmə aksiyaları  təşkil olundu.
Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparıldı,  ərazilərə 1600m2 çəmən, 3000 çiçək, onlardan 100 alyandra, 200  zeytun, 200 eldar şamı, 200 sərv, 200  çinar, 200  şam ağacları əkildi.
Eyni zamanda Azadlıq prospekti boyunca təşkil edilən bayram əhval-ruhiyyəli ümumrayon iməciliyində yol boyunca divarlara rəssam tərəfindən maraqlı küçə incəsənəti (“Street Art”) işlənildi. Məktəblilərin də qatıldığı aksiyada maraqlı anlar yaşandı.
Ümumrayon iməciliyində çıxış edənlər - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunan ümumrayon iməciliyində əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.
Daha sonra məktəblilər təbiət elementlərinin üzərində əks olunduğu tortu kəsdilər.
Ümumrayon iməciliyinin ikinci hissəsi 6-cı mikrorayon, məscid yolu ətrafında məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları konsert proqramı ilə davam etdi.
Konsert proqramında balacalar şeir söylədilər, mahnı oxudular və rəqs etdilər.  
Bütün dünyanı sülhə, əmin-amanlığa səsləyən balaca fidanlar “Gəlin Həmrəy Olaq”! devizi ilə tədbirə yekun vurdular.

Keçidlər