Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda şəhidin əziz xatirəsi anıldı

24 may 2017 | 11:00

Mayın 24-də Binəqədi Mərkəzi Mədəniyyət Evində şəhid Rüstəmov Məhəmməd Xasay oğlunun anım tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı, polkovnik-leytenant Əfqan Əliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin Şükürbəyli kənd icra nümayəndəsi Nəriman Əsədov, rayonda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları və Binəqədi qəsəbəsində yerləşən təhsil müəssisələrinin müəllim-şagird kollektivləri iştirak etdi.
Tədbirin rəsmi hissəsindən öncə, şəhid Rüstəmov Məhəmməd Xasay oğlunun keçdiyi nümunəvi həyat yolundan bəhs edən sənədli film nümayiş olundu. Sonra rayonun 179 nömrəli orta məktəbinin istedadlı şagirdlərinin ifasında bədii kompozisiya nümunələri göstərildi.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva şəhidin ailəsini və tədbir iştirakçılarını Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından salamlayaraq, tədbirin əhəmiyyətindən, bunun Azərbaycan gəncləri üçün nə qədər önəmli olmasından bəhs edərək, son zamanlar ölkəmizdə bu istiqamətdə çox böyük işlərin görüldüyünü və silsilə tədbirlərin təşkil olunduğunu qeyd etdi.
Daha sonra tədbirdə çıxış edən şəhidin döyüş yoldaşı və komandiri İlham Məmmədov, müəllimi Yusif Rüstəmov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin Şükürbəyli kənd icra nümayəndəsi Nəriman Əsədov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı, polkovnik-leytenant Əfqan Əliyev öz çıxışlarında qeyd etdilər ki, Qarabağ kimi problemimizin olması və yeni müstəqillik qazanmış bir ölkə olaraq, vətənpərvərlik, həmçinin hərbi vətənpərvərlik mövzusunun aktuallığı bizlər üçün hər zaman böyük əhəmiyyət kəsb edir və buna görə də gənclərimizi milli ruhda, vətənpərvər yetişdirməliyik ki, gələcəkdə Azərbaycan üçün öz töhfələrini verə bilməklə yanaşı layiqli vətəndaş olsunlar.
Tədbirdə çıxış edən şəhidin anası Qızbəs Məmmədova ölkə rəhbərliyinə torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhid ailələrinə və müharibə veteranlarına göstərilən qayğıya görə öz minnətdarlığını bildirdi.

 

Keçidlər