Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb

12 oktyabr 2017 | 11:00
Oktyabrın 12-də Binəqədi rayonundakı “Şəfəq” pansionatında qəzalı binada məskunlaşmış məcburi köçkün ailələrinin Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma tədbiri keçirildi.
Tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Komitənin Departament müdiri Elman İsmayılov, şöbə müdiri Cövdət Mehdixanlı və digər məsul şəxslər iştirak etdilər.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bu problemi ölkəmizin bir nömrəli problemi elan etdi və uğurlu neft strategiyasından əldə olunan ilk vəsait bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması ilə bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yaxşı göstəriciləri sırasındadır. “Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Həmçinin bütün regionlarda qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınır”–, deyə Gəray Fərhadov məlumat verib. O, həmçinin qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Tədbirdə diqqətə çatdırılıb ki, xanım Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi dövlətimizin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Bu ilin mart ayının 9-da Birinci vitse-prezidentin yanında keçirilən bu müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi çox geniş şəkildə müzakirə olundu və ilkin olaraq ən qəzalı vəziyyətdə olan binalarda yaşayan 4 min məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı çox ciddi tapşırıqlar verildi.
Mayın 30-da Birinci vitse-prezidentin iştirakı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik bütün infrstruktur obyektləri ilə birlikdə yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. İyunun 27-də isə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirildi və qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 214 məcburi köçkün ailəsi Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürüldü. Oktyabrın 5-də Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır və Sabunçu rayonunun Ramana qəsəbələrində yeni tikilmiş binaların açılış mərasimi oldu və bugünki püşkatma tədbirində isə məcburi köçkünlər həmin binalarda yeni mənzillərə sahib oldular. Həyata keçirilən bütün bu tədbirlər qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir və Birinci vitse-prezidentin yanında keçirilən müşavirədə verilən vədlərin real nəticələrini ortaya qoyur.
Sonra püşkatma mərasimi keçirildi. Şuşa, Ağdam və Laçın rayonlarından olan məcburi köçkün ailələri növbə ilə püşk çəkərək yeni mənzillərə sahib oldular.
Püşkatma mərasimindən sonra təəssüratlarını AZƏRTAC-la bölüşən məcburi köçkünlər Əhmədova Zərifə, Allahverdiyeva Məlahət, Novruzov Mehman və Şükürova Gülcamal onlara göstərilən xüsusi dövlət qayğısından danışdılar. Bildirdilər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən tənzimlənməsindən söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Binəqədi rayonunda məskunlaşdığımız köhnə pansionat binasından yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməyimiz bizim üçün əsl bayramdır. Bu bayramı bizə bəxş etdikləri üçün, yaşadığımız ağır şəraitdən bizi qurtardığına, bizə gözəl şəraitli mənzillər verdiyinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərindən minnətdarıq”, – deyə həmsöhbətlərimiz əlavə etdilər.
 
 
 
 
 
 
 
 
 
Keçidlər