Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

19 oktyabr 2017 | 11:00
19 oktyabr 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iclası giriş sözü ilə açdı. Natiq Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Xaləddin İsgəndərov vurğuladı ki, dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bununla belə Azərbaycanda uğurlu inkişafın təmin edilməsi, ictimai-siyasi vəziyyətin sabitliyi, ölkə qarşısında duran vəzifələrin həll olunması respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin nəticəsidir. Daha sonra natiq bildirdi ki, Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur. Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar - sentyabr aylarında  230 mln 107 min manatlıq  məhsul  istehsal edilmiş və xidmətlər göstərilmişdir. 9 ay  ərzində sənaye müəssisələrində 7114  nəfər işləmiş, keçən ilin müvafiq dövrünə nisbətən 10.6 faiz artım müşahidə olunmuşdur. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 503.8 manat olmuşdur. 2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 33 mln 8  min manat, rabitə müəssisələri tərəfindən isə 5 mln 55 min manat həcmində xidmət göstərilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 971 mln 585 min manatlıq istehlak malları satılmışdır ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım deməkdir. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 24 mln 350 min manat əsas fondlar istifadəyə verilmişdir.  Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 547.5 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 41.8% artım deməkdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 286 mln 275 min manat təşkil etmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən xidmətlərin 15%-i dövlət müəssisələrinin payına düşmüşdür. 
Sonra Binəqədi Rayon İcra  Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov hesabat məruzəsi ətrafında çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.
Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.
Daha sonra 246 saylı orta məktəbin direktoru Almaz Bayramova və  Binəqədi Rayon Sukanal İdarəsinin rəisi İlqar Abdullayev 2017-ci ilin 9 ayının yekunları çərçivəsində görülən işlər barədə çıxış etdilər.
Sonra yığıncaqda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının əmri ilə Aparatın və Mənzil Kommunal Təsərrüfat Birliyinin bir qrup əməkdaşlarına təşəkkür elan edildi və Şuranın Qərar layihəsi oxunaraq səsə qoyuldu.
İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi. Natiq Nazirlər Kabinetində keçirilmiş iclasda cənab Prezidentin regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayelərin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğuladı. Eyni zamanda cənab Prezident neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, özünəməşğulluq proqramının icrası ilə bağlı işlərin uğurla getdiyini bildirərək özəl sektorun dəstəklənməsi istiqamətində müvafiq tövsiyələrini verdi.
Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər