Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında “Dövlət qulluğu və idarəetmə” adlı kitabın təqdimat mərasimi keçirildi

20 oktyabr 2017 | 11:00
20 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynovanın “Dövlət qulluğu və idarəetmə” adlı kitabının təqdimat tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva , Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov , Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti və müdavimləri, rayonun ziyalıları, bir çox digər dövlət orqanlarının və təhsil müəssisələrindən olan nümayəndələri  iştirak etdilər.
Tədbiri  giriş sözü ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi. Müəllifi yeni kitabının nəşri münasibətilə təbrik etdi. Sədr xüsusilə vurğuladı ki, kitabın həsr olunduğu dövlət qulluğu və idarəetmə rifah səviyyəsinin, hüquq və azadlıqların təminat səviyyəsinin yüksəldilməsində, sosial siyasətinin yeri¬nə yetirilməsində, sоsial sabitliyin təmin olunmasında, dövlətin vəzifə və məqsədlərinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır. Dövlət qulluğu və idarəetmənin səmərəliliyi ilk növbədə dövlət qulluqçularının peşəkar fəaliyyətindən, məsuliyyətindən və şəxsi keyfiyyətlərindən asılıdır. Dövlət qulluqçusu dövlətin siyasətini, aparılan kompleks islahatları öz nümunəvi davranışı, peşəkar xidməti fəaliyyəti  ilə dəstəkləməli, etik və məsuliyyətli  olmalıdır. Sədr bu yönümdə islahatların aparıldığı bir dövrdə elm adamlarının bu mövzunu tədqiq etməsini, elmi nəşrlərin bu mövzuya həsr olunmasını vacib qiymətləndirdi. Kitabın dövlət qulluqçuları və idarəçılər üçün çox faydalı olacağına əminliyini bildirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Binəqədi Rayon İcra Hakimiyyətinin rayonda ziyalılarla aparılan  işə, onların uğurlarının dəstəklənməsinə hər zaman önəm verdiyini bildirdi. Müəllifi təbrik etdi və yeni kitabının cəmiyyətə faydalı olmasını arzu etdi. O, qeyd etdi  ki, hazırda Azərbaycan dünya siyasətinin aparıcı fiqurla-rından biri olmaqla yanaşı, sistematik mütərəqqi islahat tədbir¬lərləri nəticəsində yaradılan yeni, səmərəli və müasir xidmət mo¬delinin də qurulduğu ölkə kimi beynəlxalq cəmiyyətdə nüfuz  qazanıb. Prezident cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ilə ölkədə xalqa xidmət müstəvisində səmərəli və şəffaf, peşəkar və müasir idarəetmə modelinin qurulduğunu, vətəndaş-dövlət qulluqçusu arasında yeni düşüncə tərzinin, peşəkar kadr po¬tensialının formalaşdırılmasını xüsusilə vurğuladı. Nazənin Hüseynovanı aktual mövzuya müraciət etdiyi üçün təbrik edərək kitabının faydalı olmasını arzu etdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova həmkarını təbrik edərək kitabın xeyirli-uğurlu olmasını arzu etdi. O, ölkədə  səmərəli və müasir idarəetmənin qurulması istiqamətində cənab Prezidentin apardığı siyasətin önəmindən bəhs edərək müasir dövlət qulluğu ilə idarəetmə arasındakı qarşılıqlı əlaqənin elmi təhlilinin aktuallığını vurğuladı. Çıxışçı qeyd etdi ki, müasir dövlət qulluqçusu xalqına, millətinə xidmət edən peşəkar və mədəni, məsuliyyətli və yüksək hazırlıqlı olmalıdır. Professor kitabda dövlət qulluqçularının əlavə peşə təhsilinə, təlim və tədris prosesinə önəm verilməsinin hazırkı şəraitdə xüsusilə aktual olduğunu qeyd etdi. Müəllifin idarəetmədə müasir islahatların, ictimai nəzarət mexanizminin, səmərəli idarəetmənin və xalqa qulluq konsepsiyasının  elmi təhlilini verməsinin dövlət qulluqçuları, müdavimlər və tədqiqatçılar üçün çox faydalı olacağına ümid etdiyini bildirdi.
Sonda çıxış edən kitabın müəllifi, dosent Nazənin Hüseynova tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatına və Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivlərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, sayca dördüncü olan bu kitabı onun üçün xüsusi önəm daşıyır. Belə ki, uzun illərdir ki, apardığı tədqiqatların nəticələrinin, dövlət qulluğu ilə idarəetmənin əlaqəli şəkildə təqdim olunması müasir dövr üçün xüsusilə əhəmiyyətlidir. Müəllif xüsusilə vurğuladı ki, möhtərəm cənab Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən aparılan kompleks islahatlar nəticəsində ölkədə dövlət qulluğu ilə idarəetmənin müasirləşdirilməsi paralel şəkildə aparılır. Siyasi iradəyə əsaslanan mühüm islahatlar nəticəsində idarəetmə sistemi təkmilləşir, müasirləşir, dövlət xidmətləri asanlaşır, vətəndaşların məmnunluğu gündən-günə artır. Ölkədə yeni yaradılan ASAN idarəetmə modeli vətəndaşla məmur arasındakı düşüncə tərzinə, inzibati fəaliyyət üslubuna, hətta dövlət qulluqçusunun inzibati iş üslubuna da yeni çalarlar qazandırır. Bu gün idarəetmədə köklü islahatların aparıldığı, dövlət qulluğunun “xalqa qulluq” konsepsiyası üzərində qurulduğu bir vaxtda elm insanlarının da üzərinə böyük məsuliyyət düşür. Müəllif qeyd etdi ki, kitabın ərsəyə gəlməsinin iki əsas səbəbi var ki, birincisi səbəbi ölkədə islahatların aparılması, yeni idarəetmə modelinin və peşəkar dövlət qulluğu modelinin formalaşdırıldığı dövrdə alim kimi üzərinə düşdüyü məsuliyyəti anlamasıdır. Qeyd etdi ki, biz elm adamları, alimlər dərk edirik ki, bu günki nailiyyəti görməklə kifayətlənməməli, dünənki problemləri  araşdırmalı, tarixi inkişaf yolumuzu, milli dövlətçilik ənənələrimizi və gələcək inkişaf  perspektivlərini də təhlil etməliyik ki, vətənə öz töhfəmizi verə bilək. Bu baxımdan kitabda dövlət qulluğu və idarəetmə qarşılıqlı şəkildə araşdırılır, sosial dövlətdə idarəetmə və dövlət qulluğunun mahiyyəti, səmərəli idaretmənin xüsusiyyətləri, ictimai nəzarət mexanizmi, kadr siyasəti, əlavə təhsil və təlim sistemi də təhlil olunur. Müəllif ikinci səbəbin isə oxucularının, elmi rəhbərliyini etdiyi şəxslərin onun illər öncə dərc olunan nəşrlərini  qəzet və jurnalların saytlarından  müddətin keçməsi ilə əlaqədar əldə edə bilməməsi olduğunu qeyd etdi. Ümumilikdə kitab haqqında geniş məlumat verən dosent Nazənin Hüseynova sonda iştirakçılarının suallarını cavablandırdı və kitabın bütün oxucularına xeyirli-uğurlu olmasını dilədi.
 
 
 
 
 
 
Keçidlər