Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam Həmrəyliyi İli “ çərçivəsində keçirilən “Binəqədi Gənclərinin III Liderlik Məclisi” yekunlaşdı

07 noyabr 2017 | 11:00
“İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 3-5 noyabr tarixlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirildi.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara liderlik bacarıqlarının aşılanması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi olmuşdur. Məlum layihə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə imzalanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının aidiyyəti bəndlərinə uyğun olaraq təşkil olundu.
Layihədə Binəqədi rayonun bütün sahələrindən müsahibə yolu ilə seçilmiş fəal olan gənclər, o cümlədən, Suriya, İraq, Fələstin və Misirdən olan gənclər iştirak etdilər.
3 noyabr tarixində Şamaxıya yola düşən gənclər şəhərin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edərək, Heydər Əliyev muzeyi ilə tanış oldular. Muzeydə Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, eləcə də Şamaxı rayonuna səfərləri ilə bağlı gənclərə geniş məlumat verildi. Daha sonra gənclər Şamaxı Cümə məscidini ziyarət etdilər. Məscidin nümayəndəsi iştirakçıları qarşılayaraq məscidin 743-ci ildə inşa olunduğunu və Azərbaycanın ən qədim məscidlərindən biri olduğunu bildirdi. Qeyd olundu ki, sözügedən məscid cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən qurularaq bərpa olunmuşdur. Ziyarətin ardınca gənclər Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinə yola düşdülər. Mərkəzdə gənclər qruplara bölündü və onlara layihənin xüsusi geyimləri paylanıldı.
Eyni tarixdə  “Binəqədi Gənclərinin III Liderlik Məclisi”nin açılış mərasimi keçirildi. Açılış mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Vergilər Nazirliyinin Tədris Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov iştirak etdilər.
Layihəni açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları salamlayaraq layihənin keçirilmə məqsədi haqqında iştirakçılara məlumat verdi. O bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu gənclər siyasəti nəticəsində “Binəqədi Gənclərinin I və II Liderlik Məclisləri” müvafiq olaraq 2014 və 2015-ci illərdə müvəffəqiyyətlə həyata keçirilib.
Daha sonra qonaqlar çıxış edərək layihənin iştirakçılarına uğurlar arzuladılar.
Açılış mərasimindən sonra gənclər üçün ilk təlimə “start” verildi. 3 gün müddətində “Layihələrin yazılması və idarə olunması” mövzusunda təşkil olunmuş təlimlərdə layihələrin reallaşması ilə bağlı bütün incəliklər barədə gənclərə məlumat verildi. Keçirilmiş təlimlərin nəticəsi olaraq sonda gənclər öz layihələri təqdim etdilər və həmin layihələrdən ibarət “layihə yarmarkası” təşkil olundu.
4 noyabr tarixində layihə iştirakçılarının Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına səfəri təşkil olundu. Rəsədxananın əməkdaşı tərəfindən gənclərə rəsədxananın tarixi və fəaliyyəti haqqında məlumat verildi. Daha sonra iştirakçılar Şamaxının ən qədim kəndlərindən olan “Dəmirçi” kəndinə yola düşdülər. Kənddə gənclər qədim el sənətkarlıq nümunələri ilə tanış olub, kənd ictimaiyyəti ilə görüş keçirdilər.
Axşam saatlarında gənclərin asudə vaxtının səmərəli təşkil olunması və gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə layihə iştirakçıları arasında intellektual oyunlar təşkil edildi. Layihənin hər 3 günündə fəallıq göstəriş gənclərə qiymətli hədiyyələr təqdim olundu.
5 noyabr tarixdə - layihənin III günündə təlimlərin keçirilməsi yekunlaşdırıldı və gənclər öyrəndikləri yeni biliklər əsasənda öz layihələrini hazırladılar. Hazırlanmış layihələr əsasında “Layihə yarmarkası” təşkil olundu və layihə rəhbərləri öz layihələrini təqdim etdilər. Yarmarka bitdikdən sonra gənclərə “Binəqədi Gənclərinin III Liderlik Məclisi” layihəsində iştirak etmələri barədə sertifikatlar təqdim olundu. Təqdimat mərasimindən sonra gənc liderlər Şamaxı rayon Tarix-diyarşünaslıq muzeyinə səfər etdilər. Muzeyin əməkdaşı tərəfindən iştirakçılara eksponatlar təqdim olundu, verilən suallar cavablandırıldı. Günün sonunda iştirakçılar Bakıya yola düşdülər.
“İslam Həmrəyliyi İli “ çərçivəsində keçirilən “Binəqədi Gənclərinin III Liderlik Məclisi” xoş anlarla başa çatdı.
 
 
 
 
 
 
 
 
Keçidlər