Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi.

14 mart 2018 | 11:00

14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Tədbirdə çıxış edən  83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirdi. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Nazim Behbudzadə bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümünəsi olduğunu dedi. Sonra çıxış edən 283 nömrəli tam orta məktəbin şagirdi Xədicə Məşrik, 103 nömrəli tam orta məktəbin şagirdi Tofiq Məmmədəliyev, 83 nömrəli məktəb-liseyin şagirdi Züleyxa Musayeva “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndirdilər.
Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərova  verildi. Natiq Naxçıvanda inkişafın miqyasının illərlə, aylarla deyil, günlərlə ölçüldüyünü söylədi. Xaləddin İsgəndərov Naxçıvan Muxtar Respublikasının Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində olmasına baxmayaraq yüksək inkişaf mərhələsində olduğunu dedi. Naxçıvanda  inkişafın təməlinin ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrdə qoyulduğunu  və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşdiyini bildirən Xaləddin İsgəndərov Naxçıvan istiqaməti üzrə səfər edəcək tur-aksiya iştirakçılarının Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlarlarını, eyni zamanda gənclərin Naxçıvanda bu günədək qorunub saxlanılan mədəniyyət nümunələri ilə yaxından tanış olacaqlarını bildirdi.
Sonda səfərin proqramı ilə iştirakşılar tanış oldular və tədbir bədii hissə ilə davam etdi. Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər.
Sonda Tur–aksiya iştirakçıları maraqlı fləşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, bayrağımızın rəngləri ilə gənclərin “Ölkəmizi tanıyaq” sözünü həkk etməsi, eyni zamanda Azərbaycan bayrağını qürurla dalğalandırması ilə layihənin əhəmiyyətini bir daha diqqətə çatdırdılar.

Keçidlər