Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 27-də paytaxtın Binəqədi rayonunda “Azərbaycanın İntellektual Birincisi” layihəsinin açılış mərasimi keçirildi.

27 oktyabr 2018 | 11:00

Oktyabrın 27-də paytaxtın Binəqədi rayonunda “Azərbaycanın İntellektual Birincisi” layihəsinin açılış mərasimi keçirilib. Layihə üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşır.
Layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7-ci maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birincisi” layihəsi həyata keçirilir.
Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Binəqədi Rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış ediblər.
Qeyd olunub ki, “Azərbaycanın İntellektual Birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.
Sonra layihəyə həsr olunan videoçarx nümayiş etdirildi.
Rəsmi hissə bitdikdən sonra Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhər turniri keçirilib.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70-dən çox rayondan 1500 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər mərkəzlərində keçiriləcək.
Layihə iki mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaq.

 

Keçidlər