Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon İcra Hakimiyyətində və YAP Binəqədi rayon təşkilatında azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova ilə görüş təşkil edildi

27 noyabr 2018 | 11:00

Görüşdən əvvəl Reyhan Camalova Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən qəbul edilmişdir. Qəbulda Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Reyhan Camalovanın təhsil aldığı 283 № məktəbin direktoru Tünzalə Zeynalova, Reyhan Camalovanın atası Rauf Camalov iştirak edirdi.
Görüşü giriş sözü ilə Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyev açaraq Reyhan Camalovanı salamladı və əldə etdiyi uğurlara görə onu təbrik edərək gələcək fəaliyyətində uğurlar arzuladı. Azərbaycan gənclərinin müxtəlif sahələr üzrə ölkə miqyasında və beynəlxalq arenada çoxsaylı uğurlar qazandığını qürurla qeyd etdi. Bu cür uğurların dövlətimizin və xalqımızın ən yüksək və ali səviyyədə təbliğ olunmasına, tanıdılmasına mühüm təkan olduğunu vurğuladı.
Eyni zamanda belə övlad tərbiyə edib cəmiyyətə bəxş etdiklərinə görə Reyhanın ailəsinə və atası Rauf Camalova təşəkkür etdi.
Gənc ixtiraçı Reyhan Camalova çıxış edərək öz ixtirası barədə qısa məlumat verərək əldə etdiyi qələbələrə gedən yolda rast gəldiyi çətinliklərdən və uğurlardan ətraflı söhbət açdı.
Görüşə RİH-nin başçısı Elxan Allahverdiyev yekun vuraraq Reyhan Camalovaya təhsilində, gələcək fəaliyyətində uğurlar arzuladı. Camalovanın rayon gənclərinin müxtəlif təbəqələri ilə görüşlərinin keçirilməsinin zəruri olduğunu vurğulayaraq bu barədə müxtəlif tövsiyə və tapşırıqlarını verdi.
27 noyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon gənclərinin azərbaycanlı ixtiraçı, 2017-ci ildə qurulan “Reynerci” (yağış suyundan enerji istehsalının alınması) startapının təsisçisi, Binəqədi rayonu 283 № tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Reyhan Camalova ilə görüşü təşkil edildi. Görüş başlamazdan öncə Reyhan Camalovanın fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş etdirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamladı və rayon təşkilatı tərəfindən bütün sahələr üzrə uğur qazanmış insanlarla görüşlərin təşkil edildiyini diqqətə çatdırdı. Ramiz Göyüşov Reyhan Camalova haqqında da məlumat verərək bildirdi ki, o, 2018-ci ildə "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb. Azərbaycanlı Reyhan Camalova BBC-nin “100 Qadın” layihəsində siyahıya düşən ilk azərbaycanlıdır. “100 Qadın” layihəsi hər il bütün dünyadan ilhamverici və nüfuzlu qadınların siyahısını dərc edir. Layihə 60-dan çox ölkədən 15-94 yaşlı qadınları əhatə edir.
Reyhan Camalova görüşdə geniş nitq söyləyərək təcrübəsini və uğur hekayəsini tədbir iştirakçıları ilə bölüşdü. Onun sözlərinə görə hər bir insanın istedadı, potensialı var. Sadəcə insan özünə inanmalı, özünə hədəf müəyyənləşdirməli, öz üzərində daim çalışmalı, oxumalı, yaxşı təhsil almalı və heç bir zaman uğursuzluqlarına görə ruhdan düşməməlidir. Reyhan Camalova çıxışında orta təhsili, qatıldığı müxtəlif elmyönümlü yarışlardan, konfranslardan, bu uğurlarında valideynlərinin ona olan inam və dəstəyindən bəhs etdi. Daha sonra ona böyük uğurlar qazandıran və Azərbaycanı xaricdə təmsil etmək imkanı yaradan məşhur ixtirasından danışdı. Vurğuladı ki, 2017-ci ildə "ClimateLaunchpad" proqramı çərçivəsində öz "Rainergy" layihəsinə start verərək proqramın dəstəyi ilə öz layihəsini inkişaf etdirib. 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad" startap proqramına öz "Rainergy" layihəsi ilə qatılıb. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb 22 vatt enerji yaradır. "Rainergy" layihəsi "ClimateLaunchpad" 2017 proqramının Azərbaycan finalında ən yaxşı 3 startap arasına girə bilməsə də, "Auditoriyanın Favorit Startapı" mükafatını qazanıb. Eyni zamanda o, layihə çərçivəsində keçirilən "Yeni fikir" müsabiqəsinin finalında iştirak edib.
Reyhan Camalovanın uğurları bunlarla bitməyib. O, eyni zamanda ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib. Reyhan Camalova ona göstərilən diqqət və qayğıya görə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək prezident mükafatına layiq görülməsini qürurla vurğuladı.
O, görüşdə iştirak edən Binəqədi rayonunun tam orta ümumtəhsil məktəblərinin şagirdlərinin suallarını cavablandırıb. Görüşün təşkil edilməsində əməyi olan YAP Binəqədi rayon təşkilatına minnətdarlığını bildirib.
Görüşdə yekun nitq söyləyən Ramiz Göyüşov qeyd etdi ki, görüşün keçirilməsində əsas məqsəd gənc azərbaycanlı ixtiraçının təcrübəsini gənclərlə bölüşməsinə və onun təqdimatına şərait yaratmaqdan ibarətdir. Sədr həmçinin bu cür görüşlərin bundan sonra da davamlı olacağını bildirdi və daha sonra Reyhan Camalovaya xatirə olaraq kitablar hədiyyə etdi.
Görüş iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda xatirə şəkli çəkdirildi.

 

Keçidlər