Binəqədi rayon ictimaiyyəti Prezidentin çıxışında toxunduğu məsələlərin əhəmiyyətini və aktuallığını dəstəkləyir
15 sentyabr 2020 | 11:00
Azərbaycanın müasir nailiyyətləri ölkəmizin mühüm sənaye mərkəzi olan Sumqayıtın sosial-iqtisadi həyatına da yüksək sürət və keyfiyyət gətirib. Xüsusilə, pandemiya şəraitində də davam edən uğurlu işlər bunu bir daha sübut edir. Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı da bu məqamı aydın şəkildə göstərdi.
Dövlət başçısı İlham Əliyev açılışdakı çıxışı zamanı, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamikanın mövcudluğunu xüsusi olaraq vurğuladı. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insanın daimi işlə təmin olunması da müsbət göstəricidir.
Prezident İlham Əliyev vurğulayıb ki, daxili tələbat mümkün qədər yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Bu il Sumqayıtda fəaliyyətə başlayacaq şüşə istehsalı zavodu da mühüm fəaliyyət sahəsi olacaq. Tikinti sektoru pandemiya ilə əlaqədar, bir qədər tənəzzülə uğrasa da, bərpa edilir və ediləcəkdir.
Harada idxaldan asılılıq daha böyükdür, lakin onu əvəzləmək mümkündürsə və bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs nümayiş etdirən şirkətlərə həm rezident statusu verilməli, həm də dövlət tərəfindən yardım edilməlidir. Onlara güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılıq maksimum dərəcədə azalsın.
Dövlət başçısı çıxışında təbliğat işlərinin düzgün qurulmasının əhəmiyyətinə də toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Bu Parkın ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur.
Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq bu şəraitdə də dövlət başçısının uzaqgörən və ağıllı siyəsəti nəticəsində Azərbaycan elə addımlar atır ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında ola bilsin. Nəticədə, Azərbaycan vaxt itirmədən bütün sahələrdə yeni inkişaf dinamikasına sahib olacaq. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura dövlət başçısının yeritdiyi uğurlu siyasəti alqışlayır və hər zaman ölkəmizin inkişafı üçün fəaliyyətə dəstək olmağa hazırdır.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri