Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır

26 oktyabr 2020 | 11:00
Birləşmiş Millətlər təşkilatının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli, hələ də, icra olunmayan qətnamələrinin fonunda bu günə qədər beynəlxalq təşkilatlar və bir sıra dövlətlərin cəhdlərinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ciddi bir nəticə əldə olunmamışdır. Eyni zamanda qəbul edilən atəşkəs rejimi də sadəcə olaraq şərti xarakter daşımış və daim cəbhəboyu Azərbaycanın yaşayış məntəqələri düşmənin təxribat xarakterli hücumlarından əziyyət çəkmişdir.

İşğalçı ölkənin siyasi rəhbərliyi hər nə qədər özünü danışıqlar prosesində sülhün əldə olunmasında maraqlı göstərsə də faktiki olaraq əməldə bununla uzlaşmayan addımlar atmışdır. 21-ci əsrdə yaşayırıq. Bu dövr informasiya əsridir. Görmək istəyən hər kəs reallıqları və həqiqətləri asanlıqla görə bilər. Bu günə qədər gedən proseslər haqqında hər birimiz məlumatlıyıq.

Xüsusilə son zamanlar baş verənlər və Ermənistanın Baş naziri Nikol Paşinyanın "Artsax Ermənistandır" ifadəsini səsləndirməsi isə bir daha onun sübutu oldu ki, Ermənistan əməldə yox sadəcə sözdə sülh tərəfdarıdır. 27 sentyabr tarixində isə cəbhəboyu bir sıra ərazilərdə yenidən öz təxribatçı əməllərini nümayiş etdirməyə başladılar. Nəticədə ordumuz bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı.

Bütün bu olanlarla bağlı Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Yaponiyanın  nüfuzlu "Nikkei" qəzetinə müsahibə verdi. Müsahibə öz-özlüyündə bir sıra nüanslara aydınlıq gətirdi. Ölkə Prezidenti yenə də ünvanlanmış suallara ətraflı, Azərbaycanın haqqlı mövqeyini tam ifadə edən, önəmli cavablar verdi.

İlk öncə Cənab Prezident ölkəmizin daima bu münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun vasitəçiliyinə güvənərək illərdir  maraqlı olduğunu vurğuladı. Paralel olaraq isə artıq status-kvo anlayışının olmadığını və Ermənistanın siyasi rəhbərliyinin sülh danışıqlarına kökündən xələl gətirən addımlarının məntiqi nəticəsi olaraq ordumuzun işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün əməliyyatlara başladığını bildirdi.

Bunun fonunda xüsusilə rəsmi Moskvanın təşəbbüsü ilə iki dəfə tərəflər arasında atəşkəs elan olundu, amma, atəşkəsi yenə də kim pozdu? İşğalçı dövlət. Eyni zamanda yenə də hər vəchlə atəşkəsi Azərbaycanın pozduğunu iddia etməyə çalışdılar.

Nəticədə bu gün döyüşlər yenə davam edir və ordumuz öz şərəfli missiyasında müzəffər olmaqda davam edir.

Şərtlərimiz çox sadədir. Düşmən işğal altında olan torpaqlarımızı geri qaytarmalıdır, bu torpaqlardan çıxış qrafikini rəsmi olaraq açıqlamalı, buna əməl etməlidir. Yalnız bu zaman hərbi əməliyyatlar dayandırıla və sülh danışıqları bərpa oluna bilər.

MİNSK qrupu münaqişə zonasına sülhməramlı və müşahidəçilərin cəlb olunması təklifi ilə çıxış edir, lakin bu sonrakı mərhələdir. Buna qədər Ermənistan artıq öz işğalçı siyasətini dayandırmalıdır ki, danışıqlarda sözügedən mərhələ başlasın. Haqlı olaraq Cənab Prezident bu proseslərə hazır olduğumuzu, amma, ilk öncə qarşı tərəfin müvafiq addımlar atmalı olduğunu vurğulayır.

ATƏT-in MİNSK qrupu BMT təhlükəsizlik şurasının daimi üzvü olan 3 ölkədən ibarətdir və bu qrup bu günə qədər BMT tərəfindən qəbul edilən müvafiq qətnamələrin icrasını həyata keçirə bilmir. Ermənistan isə Türkiyənin danışıqlar prosesinə cəlb olunmasına etiraz edir. Nə üçün? Türkiyə de-fakto bu prosesin artıq tərkib hissəsidir və olmaqda da haqlıdır, çünki, hər iki ölkə ilə həmsərhəddir və regionda eləcə də, dünyada söz sahibi olan ölkələrdəndir. Türkiyə siyasi cəhətdən hər zaman bizim yanımızdadır. Amma, torpaqlarımızın işğaldan azad olunmasında yalnız Azərbaycan əsgərləri və zabitləri iştirak edir. Türkiyənin bu münaqişənin həllindəki rolundan narahat olan ATƏT-in MİNSK qrupu da ilk öncə 30 ildə əldə etdikləri "uğurları" haqqında düşünməlidir. Mülki obyektlər Ermənistan ordusu tərəfindən hədəf alınır, dinc insanlar həyatlarını itirir, şəhidlərimiz olur! Müvafiq BMT qətnamələri isə sadəcə kağız üzərində qalmaqdadır. Belə olan halda Türkiyəni münaqişənin həlli prosesinə qoşulması yox, öz uğursuzluqları haqqında düşünməyə daha çox zaman ayırmalıdırlar.

Bütün düşmən təxribatlarına rəğmən rəsmi Bakı bildirir ki, Dağlıq Qarabağda yaşayacaq dinc ermənilər də, Azərbaycan vətəndaşı olacaqlar və normal şəkildə həyatlarına davam edə biləcəklər. İşğal altında olan torpaqlarda Azərbaycanlıların etnik təmizlənməsi siyasəti həyata keçirilib və bunun fonunda isə işğalçı dövlət Dağlıq Qarabağda referendum təşkil etmək istəyir.  Xalqını düşünən bir dövlət üçün ən böyük dəyər ermənilərin Azərbaycan Respublikasının vətəndaşı kimi dinc şəkildə münaqişə həll edildikdən sonra Dağlıq Qarabağda yaşaya bilməsidir. Görünən isə odur ki, mənfur düşmən üçün daha önəmli olan çirkaba bulaşmış işğalçılıq siyasətidir və etnik təmizləmə apardıqları ərazilərdə referendum təşkil etmək istəyirlər. Bu sadəcə siyasi savadsızlığın göstəricisidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadi və siyasi baxımdan kifayət qədər güclənib, inkişaf  edib. Ölkəmizdə ordu quruculuğu, elm, təhsil sahəsində ciddi uğurlar əldə edilib. Bu gün Azərbaycan istər sülh, istər hərb yolu ilə işğal altında olan torpaqlarını geri almağa qadirdir. Bununla belə, yenə də, rəsmi Bakı sülh danışıqlarına hazır olduğunu Cənab Prezidentin simasında sübut etməkdədir. Cənab Prezidentin müsahibələrində müxbirlərə verdiyi cavablar ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırır və göstərir ki, münaqişənin həllində Azərbaycanın mövqeyi nədir.

Düşmənin bütün təxribatlarına qarşılıq verə biləcək müzəffər ordumuz var, bu münaqişə ən qısa müddətdə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək. İşğalçı dövlətin isə 2 seçimi var:
Təslim olub işğal olunmuş torpaqlarımızdan geri çəkilmək və sülhə nail olmaq.
Öz məkrli siyasətlərini davam etdirmək və torpaqlarımızdan "İti qovan kimi" qovulmaq!

Bu gün Azərbaycanda hər kəs Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə sonsuz güvənir.
Baş verən hadisələrin sonunda hər birimizi qələbəyə inanırıq.
Xalq olaraq dövlətimizin yanındayıq.
Bizim işimiz haqq işidir, və bu işin sonunda ZƏFƏR bizimdir!
Qarabağ Azərbaycandır!
 
Mahmud Məmmədzadə: Binəqədi Gənclər Evinin əməkdaşı, UNİCEF-in "Əsas Həyat Bacarıqları" layihəsi çərçivəsində təlimçisi
 
Keçidlər