Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıcı olan Aprel döyüşlərinin qəhrəmanı - şəhid Bağırov Emin İmran oğlu!

02 aprel 2021 | 11:00

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə - XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın şanlı zəfər səhifəsinin başlanğıcıdır. Öz çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribata və fitnəkarlığa əl atan, işğalçılıq, təcavüzkarlıq siyasəti yeridən düşmən məhz bu tarixdə növbəti dəfə işğalçı niyyətlərini həyata keçirməyə çalışdılar.

Lakin alınmadı! Azərbaycan dövləti, Azərbaycanın müzəffər Ordusu düşmənə sarsıdıcı zərbəsini vurdu!

İllərlə ürəyi Qarabağa qovuşmaq eşqi ilə alışan, Ana torpağı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan Azərbaycan oğulları düşmənin hücumuna qarşı canlarından keçərək qəhrəmanlıq dastanı yazdılar!

Bu gün elin igid oğlu - Aprel döyüşləri qəhrəmanı Emin Bağırovun cismən bu dünyanı tərk etdiyi, ruhən Yaradana-əbədiyyətə qovuşduğu gündən 5 il ötür!

Emin İmran oğlu Bağırov 15 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuşdu. 2014-cü ildə 182 nömrəli tam orta məktəbdə təhsilini başa vurmuşdu. "MMA" və "Uşu Sanda" idman növü ilə məşğul olmuşdu. 2014-cü ilin oktyabrın 8-də hərbi xidmətə yollanmış və Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri kimi xidmət etmişdi.

2016-cı il aprelin 4-də Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və doğulduğu Bakı şəhəri Binəqədi rayonunda Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər