Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib

14 iyul 2021 | 11:00

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevə 810 mənzilli yaşayış kompleksi barədə məlumat verdi. Burada 15 ədəd doqquzmərtəbəli bina inşa olunub. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunur.

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir.

Kompleksin ərazisində 140 yerlik uşaq bağçası da inşa olunub. Burada balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün geniş imkanlar var. Bağçanın qrup otaqları, musiqi və idman zalları uşaqların zövqünə uyğun yaradılıb. Burada uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkarlamaq üçün hərtərəfli şərait var.

Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb. Bu işlər sırasında onların avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu gün isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunur. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.

Dövlətimizin başçısı avtomobillərdən birini idarə etdi.

Prezident İlham Əliyevə şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil təminatı istiqamətində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib. Şəhid ailələri və xəsarət alan hərbçilərlə bağlı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 xidmət göstəriləcək. Yaxın iki ay ərzində bu cür mərkəzlər DOST mərkəzlərində fəaliyyətə başlayacaq.

Kompleksin ərazisindəki 333 saylı tam orta məktəb 624 yerlikdir. Məktəbin sinif otaqları tədrisin yüksək səviyyədə təşkilini təmin edən bütün zəruri dərs vəsaiti və əyani ləvazimatlarla təchiz edilib. Burada informatika, kimya, biologiya, fizika otaqları, akt və idman zalları yaradılıb. Məktəbdə yaradılan şərait Azərbaycan dövlətinin təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, o cümlədən yeni məktəb binalarının inşasına, mövcud olanların əsaslı şəkildə yenidən qurulmasına, təlim-tədris prosesinin ən yüksək səviyyədə təşkili məsələsinə göstərilən diqqəti əyani şəkildə nümayiş etdirir.

Sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Ətraflı məlumat üçün keçid:

https://president.az/articles/52446

https://www.youtube.com/watch?v=jBTBhnJXDHg

Keçidlər