Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmətli Kütləvi informasiya vasitələrinin nümayəndələri!

22 iyul 2021 | 11:00

Sizi 22 İyul - “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, məsuliyyətli və şərəfli işinizdə davamlı uğurlar, xalqımıza əmin-amanlıq arzu edirəm.

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş və bu gün 146 yaşını qeyd edən milli mətbuatımız çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçmişdir. Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edirik.

Azərbaycan mətbuatı tarixin bütün mərhələlərində özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfəsini vermişdir. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Ulu öndər Heydər Əliyevin ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyətin digər sahələrində olduğu kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu Öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir.

Tariximizin önəmli və parlaq dövrünü yaşayırıq. Uzun illərdir erməni işğalı altında qalan qədim torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün davam edən müharibə nəticəsində azad olundu. 44 gün davam edən müharibədə döyüşlər təkcə cəbhədə deyil, informasiya müstəvisində də davam etdi. İnformasiya agentlikləri, nəşr və qəzetlər, televiziya müxbirləri, hərbi jurnalist və analitiklər hazırlanan reportaj və çoxsaylı materiallarda Qarabağda baş verən döyüşlərin gedişatını, tarixi həqiqətləri və ictimai-siyasi vəziyyəti obyektiv rakursdan şərh edərək ictimaiyyətə və dünyaya çatdırdılar.

Azərbaycan əsgəri döyüş meydanında uğurlara imza atıb, bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandırdıqca, kütləvi informasiya vasitələrinin nümayəndələri də arxa cəbhədə düşmənin informasiya təxribatlarına qarşı da layiqincə mübarizə apardılar.

Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist hər gün ölkə ictimaiyyətinin rifahı naminə yorulmadan çalışır.

Əminəm ki, bundan sonra da Vətənimizin haqq səsininin beynəlxalq aləmə çatdırılmasında, tarixi həqiqətlərimizin işıqlandırılmasında və Azərbaycanın uğurlu inkişafının təmin edilməsində media nümayəndələri yorulmadan çalışacaqlar.

Bayramınız mübarək, hörmətli Mətbuat nümayəndələri!

Hörmətlə,

Elxan Allahverdiyev

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər