Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında: “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”-mövzusunda inşa müsabiqəsi keçirilmişdir

19 yanvar 2022 | 11:00

20 Yanvar - "Ümumxalq Hüzn Günü"nün 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda Binəqədi rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa müsabiqəsi keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin inzibati binasında keçirilmiş tədbirin məqsədi 20 Yanvar faciəsinin 32-ci ildönümünün yad edilməsi, gənclər arasında Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin inşa-yazı sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması olmuşdur.

Müsabiqənin mükafatlandırma tədbirində ilk öncə 20 Yanvar şəhidlərinin və torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik yad edilmişdir.

Çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev bildirmişdir ki, 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 32 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyev həmin günlərdə Moskvada özünü və ailəsini təhlükəyə ataraq Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi əməkdaşı Amal Əsgərov çıxışında qeyd etmişdir ki,  20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün bir örnək olmuşdur. Bu il xalqımız 20 Yanvar hadisələrinin 32-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şərəfli bir salnaməsinə çevrilib.

"Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Zeynal Rəşidli çıxışında 20 yanvar faciəsinin xalqımızın qan yaddaşı, qəhrəmanlıq dastanı olduğunu, keçirilən müsabiqələrin gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.

Daha sonra 20 Yanvar faciəsinin canlı şahidi olmuş Nürsə Əsgərov həmin gün sovet ordusu tərəfindən başlarına gətirilən qırğınlardan söz açmış, tədbir iştirakçılarını məlumatlandırmışdır.
Sonda müsabiqə iştirakçıları mükafatlandırılmışdır. Qeyd edirik ki, müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərindən 22 şagird iştirak etmişdir.

Müsabiqədə 3 nömrəli tam orta məktəbdən Məcidova Leyli I yer, 299 nömrəli məktəb-liseydən Şərifova Maral II yer, 313 nömrəli tam orta məktəbdən Abdurrəhmanlı Zəhra III yeri tutmuşdur. Digər iştirakçılara fərqlənmə diplomları və təşəkkürnamələr təqdim olunmuşdur.

Keçidlər