Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirildi

28 may 2014 | 10:00

Mayın 27-də Binəqədi rayonunda Azərbaycan dövlətçilik tarixinin qürurverici səhifələrindən olan 28 May - Respublika günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Milli Məclisin üzvləri - Rafael Cəbrayılov və Musa Qasımlı, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında reallaşan tədbirin rəsmi hissəsini giriş nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov açdı. İ.Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi. O, cəmi iki il mövcud olan şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd etdi. Natiq 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını bu gün regional miqyasda və beynəlxalq aləmdə öz sözünü deyə bilən ölkə olduğunu diqqətə çatdırdı. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirdi.
Sonra çıxış edən millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı Azərbaycan xalqının istiqlal mübarizəsi tarixindən bəhs etdi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının türk-müsəlman dünyasında demokratik və çağdaş dəyərlərin, insan hüquq və azadlıqlarının, eləcə də dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğuna böyük stimul olduğunu diqqətə çatdırdı. M.Qasımlı dövlət quruculuğu istiqamətində mühüm uğurlara imza atmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərq xalqlarının azadlıq mübarizəsində hərəkətverici amillərdən biri kimi xarakterizə etdi.
Bayram tədbiri Respublikanın əməkdar artisti Azərinin ifasında vətənpərvərlik mövzusunda mahnıların səsləndirilməsi ilə davam etdirildi. Müğənninin ifa etdiyi vətən sevgisi, dövlət və millətə bağlılığı tərənnüm edən  mahnıları tədbir iştirakçıları böyük coşqu ilə qarşıladılar. Sonda “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında rayon gənclərindən ibarət və Azərbaycan ordusunun qoşun növlərinin hərbi formalarını geyinmiş “Şahinlər” komandası səhnəyə çıxıb Azərbaycan bayrağını dalğalandırdılar.

 

Keçidlər