Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avtomobil yollarının genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması layihələri ilə tanış oldu

29 may 2014 | 10:00

28 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov əvvəlcə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulması layihəsi əsasında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1,5 kilometrlik yolun hərəkət hissəsi 8 zolaqlı olacaqdır. Asfalt-beton işlərinin aparılması üçün hazırlıq tədbirləri görülür.
Layihə həyata keçirildikdən sonra respublikanın şimal-qərb bölgəsindən Bakıya, eləcə də Lökbatan-Xocasən istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yollarına çıxışı asanlaşacaqdır.
Sonra Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması layihəsi əsasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, layihədə iki yeni körpünün inşası, üç mövcud körpünün əsaslı şəkildə yenidən qurulması və yolun iki kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bakı-Quba və əks istiqamətdə hərəkəti təmin edən yeni körpülərin inşası artıq başa çatdırılmışdır. Körpülər ən müasir standartlar səviyyəsində inşa olunmuşdur.
Prezident İlham Əliyevə mövcud körpülərin və yenidən qurulacaq yolun texniki göstəriciləri barədə məlumat verildi. Qeyd edildi ki, yolun tikinti sahəsində yerləşən bütün kommunikasiya xətlərinin, həmçinin yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi məsələsi də həll olunur.
Layihənin icrası başa çatdıqdan sonra respublikanın şimal, şimal-qərb bölgələrindən Bakı şəhərinə və əks istiqamətdə nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunmasına şərait yaranacaqdır.
Daha sonra Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihəsi barədə məlumat verildi. Bildirildi ki, 1,4 kilometr uzunluğu olan Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolu və bir kilometrlik Bakı dairəvi yolla birləşmə yolu ən müasir standartlara uyğun şəkildə inşa ediləcəkdir. Bakı dairəvi yolla birləşmə yolunda eni 9, uzunluğu 230 metr olan yeni körpünün inşası da nəzərdə tutulur.
Layihələrlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

 

 

 

Keçidlər