Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45 illiyində Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirildi

15 iyul 2014 | 10:00

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 02 iyun 2014-cü il tarixli, 525 saylı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2014-cü il tarixli, 144 nömrəli sərəncamına uyğun olaraq 15 iyul 2014-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Milli Qəhrəmanlar abidəsinin önündə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45 illiyi ərəfəsində həyata keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Yolasalma mərasimi rayon rəhbərliyi, gənc çağırışçılar və qonaqların Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoyması və bu dahi şəxsiyyətin ruhuna dərin ehtiramlarını bildirmələri ilə başladı.
Milli Qəhrəmanlar parkında davam edən mərasimi giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov hər bir gəncin hərbi xidmət keçməsinin əhəmiyyətinə toxunaraq, xidmət illərinin həyatda ən yaddaqalan dövr olduğunu diqqətə çatdırdı.
Sonra Milli Qəhrəmanlar abidəsinin önünə əklil qoyuldu, tədbir iştirakçıları və qonaqlar suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda xüsusi rəşadət göstərərək canlarını fəda etmiş həmvətənlərimizin xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov çıxış edərək  ölkəmizin günbəgün artan sürətli inkişaf tempinə uyğun güclü və hərtərəfli təchiz olunmuş ordu quruculuğundan danışdı.
Tədbir Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Binəqədi rayon şöbəsinin sədri Telman Hətəmov və əsgər valideyni Bayram Xəlilov çıxışı ilə davam etdi. Çıxışçılar gənc çağırışçılara uğurlar arzuladılar.
Hərbi xidmətə çağırılan gənclər adından çıxış edən Bəhruz Hüseynzadə və Ramal Aslanov Azərbaycanda sürətli inkişafın getməsi və intensiv ordu quruculuğu prosesinin geniş vüsət alması gənclərin hərbi xidmətə getməsinə güclü stimul yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından RİH başçısının birinci müavini İlqar Süleymanov Vətən keşiyini çəkmək kimi müqəddəs və şərəfli missiyanın öhdəsində layiqincə gəlməkdə gənc çağırışçılara uğurlar arzuladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışan İlqar Süleymanov gənclərin Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu yenilməz və qüdrətli orduya xidmət etməsinin  hər bir vətəndaş üçün qürurverici hal olduğunu vurğuladı.
Bədii hissə ilə davam edən tədbirdə xalq artisti Zümrüd Məmmədovanın ifasında hərbi vətənpərvərlik mahnıları və bədii-qiraət ustası, əməkdar artist Ağalar Bayramovun ifasında vətənpərvərliyi tərənnüm edən bir-birindən gözəl şeirlər səsləndirildi.
Tədbir gənclərin Dövlət Bayrağının altından keçib müqəddəs Qurana and içərək  Böyük Vətən Müharibəsi Veteranları ilə görüşüb həqiqi hərbi xidmətə yola salınmaları ilə yekunlaşdı.

Keçidlər