Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Mərkəzi Mədəniyyət Evi əsaslı təmirdən sonra istifadəyə verildi

16 dekabr 2014 | 11:00

Dekabrın 16-da Binəqədi Mərkəzi Mədəniyyət evinin əsaslı təmirdən sonra açılışı oldu.
Tədbirdə mədəniyyət evinin direktoru Zivər Abbasova əsaslı təmir olunan mədəniyyət ocağı barədə ətraflı məlumat verdi. Z.Abbasova Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evinin binası 1901-ci ildə tikildiyini qeyd etdi. 1940-cı illərdən bu binada mədəniyyət evi ilə yanaşı, kitabxana da fəaliyyət göstərməyə başlayıb. Hazırda da Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ş.Qurbanov adına kütləvi kitabxanası bu binada fəaliyyət göstərir.
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan mədəniyyət evi öz ənənələrinə sadiq qalaraq Azərbaycan mədəniyyətinin inkişafına yeni töhfələr verəcəyi vurğulandı.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari ildə Bakının ətrafında yerləşən qəsəbələrdə 4 mədəniyyət evinin, son iki ildə isə təkcə Binəqədi rayonunda 3 musiqi məktəbinin açılışında iştirak etdiyini diqqətə çatdırdı.
Azərbaycan dövlətinin mədəni sahəyə diqqət və qayğısı sayəsində bu gün xalqımıza məxsus milli mənəvi dəyərlər bütün dünyada təbliğ edildiyi vurğulandı. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə respublikamızda mədəniyyət məktəbləri, mədəniyyət ocaqları əsaslı təmir olunaraq istifadəyə verilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışdı. RIH başçısı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları çərçivəsində son illər Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələrin reallaşdırıldığını qeyd etdi.
Sonra tədbir iştirakçıları mədəniyyət evi ilə yaxından tanış oldular.
Burada yaradıcı gənclərin hərtərəfli inkişafı naminə hər cür şərait yaradılıb və mədəniyyət evi müasir avadanlıqla təchiz olunub.
Sonda mərkəzin nəzdində fəaliyyət göstərən kollektivlərin ifasında təqdim olunan musiqi proqramı isə böyük maraqla qarşılandı.

Keçidlər