Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Binəqədi rayonunda Heydər məscidinin açılışında iştirak etdi

26 dekabr 2014 | 11:00

26 dekabr 2014-cü il tarixdə Bakının Binəqədi rayonunda Heydər məscidinin açılışı oldu.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etdilər.
Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinin açılışı münasibətilə keçirilən mərasimdə iştirak etdilər.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər.
Sonra Prezident İlham Əliyev mərasimdə iştirak edən Şimali Qafqaz respublikalarının din xadimləri ilə görüşdü.
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gəldilər.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstəsi qoydu.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri anıldı.

Keçidlər