Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə oldu
20 may 2015 | 10:00
Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerində oldu.
Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verdi.
Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirildi.