Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak etdi

26 sentyabr 2012 | 10:00

2012-ci il sentyabrın 26-da paytaxtın Binəqədi rayonunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Dövlət başçısı filialın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat verdilər ki, Xocasən qəsəbəsinin ərazisində beş hektar sahədə yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanmışdır. Yeddi korpusun daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur. Kompleksə, həmçinin iki idman korpusu, müəllim və tələbələr üçün dörd yataqxana daxildir.
Bildirildi ki, hazırda filialın yeni binasında beş fakültə üzrə 388 tələbə təhsil alır. Onlardan 106-sı bu il həmin ali təhsil ocağının tələbəsi adına layiq görülmüşdür. Bununla yanaşı, 2012-ci ildə 23 nəfər magistraturaya qəbul olmuşdur. Beləliklə, hazırda filialda təhsil alanların ümumi sayı 411 nəfər təşkil edir.
Dövlət başçısı və xanımı MDU-nun Bakı filialının beşmərtəbəli yeni binasında yaradılmış şəraitlə tanış oldular.
Bildirildi ki, bu ali təhsil müəssisəsinin güclü maddi-texniki baza ilə təminatına xüsusi diqqət yetirilmişdir. Bu ali təhsil ocağının kitabxana fondunda 20 min ədəbiyyat vardır. Kitabxanada nadir nəşrlər də yer almışdır. Elektron kitabxananın 100 nəfərlik oxu zalı vardır. Tələbələr burada 21 mindən çox kitabın elektron variantından istifadə edə biləcəklər. Bu kitabxananın M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına birbaşa çıxışı vardır.
Qeyd edildi ki, bütün ali təhsil müəssisələri kimi, Moskva Dövlət Universitetinin Bakı filialı da hər zaman maraqlı müzakirələrlə yaddaqalan elmi şuraların, elmi diskussiyaların təşkili ilə fərqlənir. Bu məqsədlə binada konfrans zalı yaradılmışdır.
Məlumat verildi ki, yeni binadakı 70 auditoriyanın bəzilərində, eyni zamanda, 100 nəfər tələbə tədris prosesində iştirak edə bilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotosərgiyə baxdılar.
Diqqətə çatdırıldı ki, tələbə mərkəzinin də yaradıldığı binada müəllimlər və tələbələr üçün ayrıca yeməkxanalar fəaliyyət göstərir.
Burada, həmçinin xarici ölkələrdən və Azərbaycanın rayonlarından gələn müəllim və tələbələr üçün hər cür şəraiti olan yataqxanalar tikilmişdir.
Məlumat verildi ki, hazırda filialın yeni binasında 16 laboratoriya yaradılmışdır. Laboratoriyalarda müasir avadanlıq quraşdırılmışdır ki, bu da tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Filialda ən son proqramlarla təmin olunmuş kompyuter kabinetləri də fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılmış şəraitlə tanış oldular.
Sonda xatirə şəkli çəkdirdi.

Keçidlər