Teymur Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 05 sentyabr 2020-ci il
Teymur Əliyevdən, Bakı, AzərbaycanHörmətli cənab Prezident.
Mən Xocavənd rayonunun Qaradağlı kənd sakini, müvəqqəti olaraq Binəqədi rayonunda məskunlaşan və Sizin sayənizdə həkim ola bilmiş vətəndaşam. Bu məktubu yazmaqda məqsədim Sizə olan minnətdarlıq hissimi ifadə etməkdir.
Mən məktəbi bitirdikdən sonra ödənişli əsaslarla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuşam. Sizin diqqətiniz və qayğınız sayəsində universitet ödənişim dövlət tərəfindən ödənilib. Əgər dövlət mənim təhsil haqqımı ödəməsə idi, ailəmin maddi durumu mənim təhsil haqqımı qarşılayacaq səviyyədə deyildi.
Ölkəmizin keçdiyi bu pandemiya dövründə Sizin çox qısa zamanda dünyaya örnək olacaq bir Lider kimi vəziyyəti birbaşa nəzarətə götürməyiniz və xalqımız üçün bütün imkanları səfərbər etməyiniz tarixə yazılacaq haldır.
Sizinlə bərabər gecə-gündüz çiyin-çiyinə çalışan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da vətəndaşlarımıza bir ana kimi diqqət və şəfqət göstərmişdir. Mən pandemiyadan öncə ölkə xaricində idim, təhsilimi daha da inkişaf etdirib ölkəmə dönüb xalqımıza xidmət etməyi hədəfləmişdim.
Pandemiya ilə əlaqədar Bakıya döndükdən sonra geriyə qayıda bilmədim. Daha sonra Sizin dediyiniz “Biz birlikdə güclüyük!” şüarını əldə rəhbər tutaraq bir həkim kimi pandemiya ilə mübarizəyə qoşuldum. Vətənimə, millətimə və Sizə olan borcumun az bir hissəsini də olsa qaytarmağa çalışacağam.
Haqqınızı halal edin, cənab Prezident. Biz birlikdə güclüyük.
Hörmətlə,
Teymur Əliyev
Azərbaycan Respublikası, Bakı şəhəri.