Rauf Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 09 oktyabr 2020-ci il
Əziz və hörmətli Prezident, cənab Ali Baş Komandan
Bu məktubu yazmağa məni sövq edən içimdəki fərəh hissi, Sizə olan sevgim və Sizinlə qürur duymağımdır. Fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.
Mən şərq döyüş növləri üzrə üçqat dünya çempionu, 15 ilin pedaqoqu (Binəqədi rayon 103 saylı tam orta məktəb) kimi hər zaman Sizin siyasətinizi dəstəkləyirəm. Çalışdığım məktəbdə də gənc nəslə Sizin Vətənimiz qarşısında xidmətlərinizi təbliğ etməyə, şagirdlərimdə dövlət başçımıza sevgi aşılamağa xüsusi önəm verirəm. Əminliklə deyə bilərəm ki, böyükdən kiçiyə hər bir Azərbaycan vətəndaşı belə bir Prezidentimizin olduğuna görə çox xoşbəxtdir.
Mənim müraciətim və xahişim isə bundan ibarətdir: necə ki, Sizin sərrast çıxışlarınız dünyada bizi istəməyən dövlətlərin qəlbinə ox kimi sancılırsa, eynilə də düşmən mövqeyində hədəfləri sərrastca vuran tank mərmilərinin, zenit qurğularından çıxan mərmilərin, silahların üzərində “Prezidentimiz uğrunda”, “Prezidentimiz naminə”, “Yaşa Prezidentimiz”, “İlhamla irəli”, “İlham uğrunda” və sair sözlər həkk olunsun. Tankların, başqa silahların, mərmilərin üzərində qeyd olunsun, yazılsın ki, neçə əsrlər keçsə belə, Sizin simanızda ordumuz düşmənin qorxulu kabusuna çevrilsin. Sizin çıxışlarınız, düşmən dövlətlərə verdiyiniz o tutarlı cavablar olmasaydı, xalqımızda bu qədər ruh yüksəkliyi, bu qədər birlik olmazdı, Ordumuz bu qədər şücaətlə irəli gedə bilməzdi.
Bu məktubu gecə saat 00:00-da yazıram, çünki içimdən gələn fərəh hissini məhz bu an bölüşmək istədim.
Eşq olsun cənab Prezidentimizə!
Eşq olsun Ali Baş Komandanımıza!
Hörmətlə,
Rauf Əliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi