Şriftin ölçüsü :

Saytın rəngi :

Nurgün Nəsiblidən, Bakı şəhəri Binəqədi rayonu, 19 oktyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident, Ali Baş Komandan!
 
Cəbhədən gələn ardıcıl qələbə xəbərləri bir tələbə kimi, məni çox sevindirdi. Lakin təəssüf ki, mənfur düşmənimiz itkiləri ilə barışmayaraq, növbəti dəfə Gəncə şəhərinin dinc sakinlərinə qarşı vəhşilik etdi. Bu qətliam məni çox kədərləndirdi. Allah dünyasını dəyişən, qətlin qurbanları olan sakinlərimizə rəhmət eləsin. Ancaq bu hadisənin ardınca Sizin müraciətinizə qulaq asdım. Çox həyəcanlı idim. Bilirdim ki, adəti üzrə xalqımıza xoş xəbərlər deyəcəksiniz. Fizuli şəhərinin və bir neçə kəndin işğaldan azad olunması xəbərini xalqımız yenə də Sizin dilinizdən eşitdi. Mənim Gəncə kədərim, cəbhə xəbərinin sevincinə qarışdı.
 
Möhtərəm Prezidentimiz, ümid edirəm və inanıram ki, Sizin dediyiniz kimi tezliklə rəşadətli Ordumuz Şuşaya, Xankəndinə, bütün Qarabağa şanlı bayrağımızı sancacaq! Cənab Prezidentimiz, inanıram ki, Sizin rəhbərliyiniz altında yaxın zamanlarda ərazi bütövlüyümüz təmin olunacaq, yağı düşmən torpaqlarımızdan rədd olacaq, ölkəmiz bundan sonra daha da sürətlə inkişaf edəcək.
 
Allah Sizi və rəşadətli Ordumuzu qorusun! Dualarımız Sizinlədir! Allah şəhid olan atalarımıza və qardaşlarımıza rəhmət eləsin. Tezliklə tam qələbə xəbərini eşitmək arzusu ilə!
 
Hörmətlə,
 
Nəsibli Nurgün Elşən qızı, tələbə
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər