Misir Nəsibovdan, Bakı şəhəri Binəqədi rayonu, 20 oktyabr 2020-ci il
Möhtərəm Prezidentimiz
1988-1989-cu illərdə öz doğma yurdlarından, dədə-baba torpaqlarından, tarixi əzəli Vətənimiz olan indiki Ermənistandan zorla qovulanlardan, didərginə, qaçqına çevrilənlərdən biri də bizim ailəmiz olub. O mənfur, hiyləgər düşmənin - erməni faşistlərinin, daşnaksütunçuların başımıza gətirdiyi bəlalar, yaşatdıqları acı faciələr otuz ildən çox vaxt keçməsinə baxmayaraq indiyə kimi də gözümün önündən getmir. Mənfur düşmənlər digər torpaqlarımıza da göz dikdilər.
Həyatımın son otuz ilini Vətən həsrəti ilə yaşayıram. Yadıma düşəndə içim alovlanır. Allahın izni ilə, hörmətli Prezidentimiz cənab İlham Əliyevin siyasəti sayəsində regiona sülh gələcək və köçkünlərimiz öz doğma yurdlarına qovuşacaqlar. Haqq-ədalət bərpa olunacaq və Qarabağımızın üstündən qara buludlar çəkiləcək. Bəli, son zamanlar cəbhədə baş verən hadisələr onu göstərir ki, artıq o günlər uzaqda deyil.
Möhtərəm Prezidentimiz, inanıram ki, torpaqlarımız tezliklə işğaldan azad olunduqdan sonra əməlləri ilə xalqın qəlbində əbədi yaşayan ulu öndər Heydər Əliyevin ruhu da şad olacaqdır.
Rəhbərliyiniz sayəsində Ümummilli Liderimizin bizə miras qoyub getdiyi Azərbaycanımızın uğurları göz qabağındadır. Artıq Azərbaycan Ordusu öz gücünə görə dünyanın qabaqcıl orduları siyahısında yer almaqdadır. Ard-arda qələbələr əldə edilir, zəfərlər çalınır, torpaqlarımız işğaldan azad olunur, sancılan üçrəngli Bayrağımız yeni azad olunan torpaqlara canlı nəfəs verir. Ordumuzun uğuru xalqımızı çox sevindirir, göz yaşlarına qərq edir, Sizə və öz gələcəyinə olan inamı artırır, ümidləri gücləndirir. Ordumuzun ard-arda azad etdiyi ərazilərin xoş xəbərləri ailəmizin əməlli-başlı bayramına çevrilir. Xalqa müraciətinizin hər sətrinə dönə-dönə qulaq asıram. O sətirlər qəlbinizin coşqusundan, xalqa bağlılığınızdan necə də ətraflı müjdələr verir! “Qarabağ Azərbaycandır!”, “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”, “Xankəndidə asılan bayraq Azadlıq Meydanında dalğalanacaq!” kimi fikirlərinizə, şüarlarınıza dönə-dönə qulaq asıram. Hər dəfə bu sözləri eşidəndə gözlərim yaşarır, qəlbim sevinir, ürəyim rahatlanır.
İndi bütün xalqımızda ruh yüksəkliyi yaşanır. İradəmiz, əzmimiz daha da güclənir, hər kəs cəbhədə döyüşmək, Vətən qarşısında xidmət etmək üçün həvəslidir. Xalq Sizinlədir. Xalqımızın Sizin kimi rəhbəri, Sizin də bizim kimi dayağınız var! Xalqımız artıq görür ki, Siz gələcək nəsillər üçün tamam təhlükəsiz, sabit, dinamik inkişaf edən Azərbaycanı bəxş etmək naminə gecə-gündüz can qoyursunuz. Bir tərəfdən cəbhəyə ali komandanlığı həyata keçirirsiniz, digər tərəfdən də uğurlu diplomatik fəaliyyət təşkil edirsiniz, həmçinin arxa cəbhəni möhkəmləndirirsiniz.
Möhtərəm Prezidentimiz, mən Sizi əmin edirəm ki, bu ahıl-qoca yaşımda əlimə silah alıb müsəlləh əsgəriniz olmağa və səngərdə, döyüş meydanında cavanlarımızla çiyin-çiyinə vuruşmağa hər an hazıram! Hətta ölümün ən uca zirvəsi olan Şəhidliyə də razıyam! Təki Vətən sağ olsun!
Bu ağır, sınaqlı, lakin əzmli, iradəli günlərdə Allah Sizi qorusun! Sizə güc və qüvvə bəxş etsin! Sizə cansağlığı arzulayırıq! Torpaqlarımızı işğaldan azad etdiyinizə görə Sizə və Azərbaycan Ordusuna dərin təşəkkürümüzü bildiririk!
Sizə və rəşadətli Ordumuza bol-bol uğurlar, əzmli qələbə arzu edirik! Dualarımız hər an Sizinlə və Ordumuzladır!
Xalq-İIham Əliyev, İlham Əliyev-xalq birliyi əbədidir, dönməzdir!
Dərin hörmətlə,
Misir Nəsibov
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi