Ağaverdi Fəttahovdan, Bakı şəhəri Binəqədi rayonu, 21 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
Azərbaycanın son dövrlərdə keçdiyi inkişaf yolu göz qabağındadır. Atılan hər bir addımınızın məqsədi, sözsüz ki, ölkəmizin hərtərəfli inkişafını təmin etmək, vətəndaşların rahat və firavan yaşamasını qorumaq, qanunlarımızı yeniləşdirmək, müasirləşdirmək və dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq etməkdir. Bu yolda Sizin özəl bir siyasətiniz, fədakar əməyiniz vardır. Hələ o zaman ulu öndərimiz Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda insan hüquqlarının qorunması öndə duran məsələlərdən biri olmuşdur. Ulu Öndərimiz tərəfindən həyata keçirilən çoxşaxəli humanizm siyasəti, bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir.
Bu gün torpaqlarımız erməni işğalçılardan azad edilərkən, Sizin apardığınız siyasətin nəticəsidir ki, Azərbaycan xalqı öz ordusu ilə çiyin-çiyinə yaşayır, torpaqlarımız uğrunda onunla birgə addımlayır. Azərbaycan Ordusu xalqımızın həyatının bir parçasına çevrilmişdir. Bu həqiqəti Azərbaycan Ordusunun şəxsi heyəti də böyük qürur hissi ilə yaşayır və layiqli xidmət edirlər. Azərbaycan Ordusunun formalaşmasına, bu səviyyəyə çatmasına dayaq olmuş bütün Azərbaycan xalqına, xüsusilə onun əvəzsiz lideri olan, yorulmaz fəaliyyəti ilə Silahlı Qüvvələr quruculuğunda yeni mərhələ açan cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Bildirmək istəyirəm ki, hal-hazırda ehtiyatda olan hərbi polkovnikəm. Uzun illər boyu Azərbaycan xalqına xidmət etmişəm. Şərəfli və ləyaqətli xidmətimə görə dəfələrlə rəhbərlik tərəfindən medal və fəxri fərmanlarla təltif olunmuşam. Əfqanıstan və Qarabağ müharibələri, Azərbaycan Silahlı Qüvvələrinin veteranıyam. 1994-1995- ci illərdə dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak etmişəm. Bu gün işğal edilmiş hər qarış torpağımız uğrunda vuruşmağa hazıram. Oğlum Fəttahov Hüseyn Ağaverdi oğlu hərbi xidmətini başa vurmuş olsa da, yenidən könüllü olaraq cəbhəyə getməsi üçün növbəyə yazılmışdır.
Cənab Prezident, inanırıq ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə tezliklə torpaqlarımızı işğalçılardan tamamilə azad edəcəkdir. Biz bir hərbiçi kimi həmişə Sizin yanınızdayıq.
Qoy Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Ağaverdi Fəttahov
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu