Heyran Məmmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan
Sizə bu məktubu yazan 1992-ci il mayın 11-də Laçın şəhərindən 14 yaşında didərgin düşmüş, erməni vəhşiliyini yaxın məsafədən izləmiş və yaşamış məcburi köçkün olan bir qadındır.
Cənab Prezident, tarixi hər zaman kitablardan oxumuşuq, dillərdən eşitmişik. Bu gün biz Azərbaycan yeni dövr tarixini yaşayırıq. Biz 30 ilə yaxındır ki, işğal altında olan torpaqları qaytarmaq üçün “Sülh, sülh, sülh” deyən Liderin doğma torpaq, Ana Vətən üçün susmadığı, vulkan kimi püskürdüyü tarixi görürük. Bu gün biz illərlə güclü ordu quraraq, öz rəşadətli, müzəffər ordusu ilə doğma Qarabağ torpaqlarına doğru addım-addım, ilmə-ilmə yaxınlaşan Lideri görürük. Bu gün biz dünya arenasında öz sözünü qətiyyətlə və mükəmməl deyə bilən, dünya “başbilənlərini” öz layiqli cavabları ilə susduran güclü, xarakterli bir Lider görürük.
Xalqımızın gözü önündə, bütün dünyanın qarşısında Azərbaycan xalqının yeni dövr tarixini yaradırsınız. Bu yolda tarixin qanlı hadisələrinə sinə gərmiş Azərbaycan xalqı arxanızdadır. Vərəq-vərəq yazılan Azərbaycan tarixi Laçına, Şuşaya üçrəngli Bayrağımızın sancılması ilə davam edəcək. O zaman, min illər boyunca, nəsil-nəsil azərbaycanlıların ovuc-ovuc torpağından od alan, keçmişimizin, bu günümüzün, gələcəyimizin əbədi başlanğıcı və saxlanc yeri olan Ana Vətənimiz Qarabağ, Azərbaycan və bütün Türk dünyası Sizi tariximizin ikinci böyük sərkərdəsi, “Nadir şahı” adlandıracaq.
Milli şüuru tam oyanmış, milli vicdanı formalaşan, milli əxlaqı bərqərar olan xalq dayağınızdır.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Heyran Məmmədova
Laçın rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi