Nəsir Əhmədlidən, Bakı şəhəri Binəqədi rayonu, 28 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
Mənim 79 yaşım var. Dünyanın yaxşı və pis üzlərini, demək olar, hamısını görmüşəm. Çətinliklə də olsa, şəxsi diləklərimin çoxuna çatmışam. Amma şüurlu ömrüm boyu ən müqəddəs arzum doğma Azərbaycanımızın müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü görmək olub. Aydın məsələdir ki, bu mənim kimi ayrı-ayrı fərdlərin istəyi ilə gerçəkləşə biləcək arzu deyil. Siyasi elitanın, İlk növbədə, dövlət başçısının vətənpərvərliyi, iradəsi, cəsarəti, qabiliyyəti sayəsində həll olunası məsələdir. Nə gizlədim, ümidlərim olsa da, az idi. Müqəddəs arzuma çatmadan dünyadan köçəcəyimi düşünürdüm və bu məqamda Siz bir dövlət başçısı, Ali Baş Komandan kimi elə bir möcüzə göstərdiniz, elə bir qəti addım atdınız ki, təkçə məni deyil, bütün dünyanı heyrətləndirdiniz. Anladım ki, bu 17 ildə Siz vəziyyəti təhlil edərək strateji plan qurmusunuz, güclü dövlət və yenilməz ordu, beynəlxalq qurumlarla, dünyanın liderləri ilə səmərəli əlaqələr yaratmaq yolunda çarpışaraq, çox şükür ki, istəyinizə nail olursunuz.
Hazırda Siz “Qarabağ Azərbaycandır!" şüarını irəli sürməklə və onu qısa müddətdə gerçəkləşdirməklə ümumxalq məhəbbətinin ən uca zirvəsində qərar tutmusunuz. İnanmaq istərdim ki, ömrünüzün bundan sonrakı hissəsində də daha böyük ideallara xidmət edərək adınızı müqəddəs Azərbaycan tarixinə qızıl hərflərlə həkk edəcəksiniz.
Uğur olsun, cənab Prezident!
Hörmətlə və səmimi ağsaqqal xeyir duasi ilə,
Nəsir Əhmədli
Filologiya elmləri doktoru, əməkdar jurnalist, BDU-nun beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu