Aysel Nəcəfquliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 28 oktyabr 2020-ci il
Hörmətli Prezident, Ali Baş Komandan!
Sizin başçılığınız altında Ordumuzun əldə etdiyi nailiyyətlərə görə Sizə və əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. Hər dəfə televiziyada çıxışınız başlayanda deyirəm, baxın, Prezidentimiz indi şad xəbər verəcək və elə də olur. Bütün çıxışlarınızı çox həvəslə və diqqətlə dinləyirik. Dediyiniz şad xəbərlərdən sevincimizin həddi-hüdudu olmur.
Sizin qətiyyətləriniz bizi inandırır ki, şanlı Azərbaycan Ordusu həmişə qalib gələcək. Siz adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazırsınız. İnşallah üçrəngli Bayrağımızı işğal olunmuş bütün torpaqlarımızda asacağıq. Altı da, üstü də qızıl olan torpaqlarımız əbədi olaraq öz sahibinə - Azərbaycan xalqına qaytarılacaq.
Məktəbdə həmişə bizə torpaqlarımızın işğal olunduğu tarixləri öyrədirdilər. Artıq bundan sonra Sizin və dəyanətli Ordumuzun sayəsində o torpaqların azad olunma tarixlərini öyrənəcəyik.
Hazırda biz iki düşmənlə savaşırıq, birini gözlə görürük, amma birini gözlə görmürük. İnşallah, biz həm səngərdə, həm də virusla mübarizədə qalib gələcəyik. Mən Sizə, Ordumuza və həkimlərimizə cansağlığı diləyirəm.
Allah Sizi, şanlı Ordumuzu və həkimlərimizi qorusun!
Hörmətlə,
Nəcəfquliyeva Aysel Rafiq qızı, şagird
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu