Heydərov Fəttah Səməd oğlu - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri.
Fəttah Səməd oğlu Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayonun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan rayonu Güznut kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir.
1976 - 1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir.
1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuş Azərbaycan Ağsaqqallar Şurasının sədri işləmişdir.
SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilmişdir.
22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov “Şərəf” ordeni ilə, 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.