Şriftin ölçüsü :

Saytın rəngi :

Taleh Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 06 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının əbədi xilaskarı, məğlubedilməz Liderimiz, biz həmişə Sizinlə fəxr etmişik. Azərbaycan dövlətinin Sizin kimi qürurlu, yenilməz bir sərkərdəsi var. Azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması barədə kadrları izlədikcə ürəyimiz qürurla dolur. Zəfər xəbərləri xalqımızı yeni qələbələrə ruhlandırır.
 
Azərbaycan xalqına bəxş etdiyiniz sevincin həddi-hüdudu yoxdur. Şəhidlərimizin, ata-analarımızın, nənə-babalarımızın ruhları şad olur.
 
Mən hər gün Sizin üçün dua edirəm. Allahdan Sizi qorumasını diləyirəm. Bugünkü qələbələr Sizin illərdən bəri yürütdüyünüz uğurlu siyasətin nəticəsində qazanılır. Allah Azərbaycan bayrağının Laçın koridorunda dalğalanmasının şahidliyini Sizə, bir laçınlı olaraq bizlərə, xalqımıza nəsib etsin.
 
Müzəffər Ali Baş Komandan, düşmən tapdağından azad etdiyiniz hər qarış torpağımızla bizə qələbə sevincini yaşadırsınız.
 
İnşallah, tez bir zamanda bütün xalqımızla birgə tam Qələbə sevincini yaşayarıq. Biz Sizə inanırıq və sona qədər düşmənlə mübarizə aparmağa hazırıq. Bütün xalqımız bu qələbələrin davamlı olacağına, üçrəngli Bayrağımızın Şuşa qalası üzərində dalğalanacağına əmindir. Gün o gün olsun ki, Azərbaycan Ordusunun təntənəli hərbi keçidini Laçında, Şuşada, Xankəndidə qeyd edək. Xalqımızın rifahı naminə Sizə və ailənizə uğurlar arzulayırıq.
 
Allah Sizi, ordumuzu və xalqımızı qorusun.
 
Qarabağ bizimdir!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Taleh Əliyev
 
Laçın rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər