Baxşəli Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 20 noyabr 2020-ci il
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
1988-ci ildən Qarabağ ətrafında baş verən hadisələr erməni şovinistləri tərəfindən inkişaf etdirilərək milli münaqişə zəminində toqquşmalarla və sonda isə ermənilərin Azərbaycan torpaqlarını işğal etmək məqsədilə üzərimizə ağır silahlarla hücumu ilə nəticələndi. Əliyalın olsaq da düşmənə qarşı əzmlə döyüşdük. Lakin silah və sursatımızın olmaması üzündən Birinci Qarabağ müharibəsində döyüşləri uduzduq və Dağlıq Qarabağı və ona bitişik rayonları, o cümlədən, doğma yurdum Qubadlını itirdik.
27 ildir ki, doğma torpaqlarımızdan didərgin düşüb respublikanın müxtəlif rayonlarında didərgin həyatı yaşadıq. Bu illər ərzində ümidimizi itirmədik, dövlətimizə və dövlətçiliyimizə var gücümüzlə xidmət etdik. Atanız, mərhum ulu öndərimiz Heydər Əliyevin sülh yolu ilə torpaqlarımızın geri qaytarılması üçün gecə-gündüz fəaliyyətini dəstəklədik. Lakin erməni qəsbkarlarının torpaqları sülh yolu ilə qaytarmamaq fikirləri gün kimi hamımıza aydın oldu.
2003-cü ildə Sizi yekdilliklə Prezident seçib ətrafınızda sıx birləşdik. Siz xalqın gücünə və mərhum Atanızın Sizin haqqınızda dediyi, “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir” sözləri Sizə inamımızı daha da artırdı. Tam əmin olduq ki, Siz bizi Vətənimizə, doğma el-obamıza qovuşduracaqsınız. Bəli, biz yanılmamışdıq, Sizin əmrinizə hazır olub torpaqlarımızın işğaldan azad olunmağı üçün döyüşə hazır vəziyyətdə gözlədik.
Bu ilin sentyabrın 27-də Ermənistan ordusu qəfil hücuma keçərək bizə qarşı elan olunmamış müharibəyə başladı. Bundan sonra isə Siz Silahlı Qüvvələrimizə döyüş əmri verib torpaqlarımızın işğaldan azad olunması üçün xalqımızı ətrafınıza topladınız və xalqımız da yekdilliklə Sizin ətrafınızda sıx birləşdi. Rəhbərliyiniz altında rəşadətli Ordumuz qısa müddətdə işğal altında olan bir neçə kənd və qəsəbələrimizi, şəhərlərimizi azad etdi, o cümlədən Qubadlını, kəndim Mahruzlunu bu mənfur düşməndən təmizlədiniz. Bununla Siz böyük bir tarix yazdınız, bizi sonsuz sevinc dolu günlərə caladınız. Özünüz dediyiniz kimi, mənfur düşmənimiz olan ermənilərə dərs verdiniz. Buna görə Sizə sonsuz təşəkkürümü bildirir, Sizə Uca Allahdan möhkəm cansağlığı, uzun ömür, sonsuz nailiyyətlər, dünya durduqca Azərbaycan dövlətinə və xalqına əbədi rəhbər olmağınızı arzulayıram. İnanıram ki, mənim bu arzum, nəinki 10 milyonluq xalqımızın, hətta dünya azərbaycanlılarının hər birinin qəlbindəki arzudur.
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan tarixində elə bir rəhbərə, elə bir sərkərdəyə rast gələ bilmirəm ki, o, qədim Azərbaycanın bu günə qədər işğal olunan torpaqlarını işğaldan azad edib Azərbaycanın əvvəlki sərhədlərini bərpa etsin. Azərbaycan tarixində ilk dəfə olaraq Siz bunu etdiniz və Azərbaycan tarixinin səhifəsinə öz adınızı yazdınız. Adınız yazılan bu şanlı səhifə min illər keçsə də tariximizin səhifəsində yaşayacaq, bugünkü nəsillər kimi, gələcək nəsillər də Sizi qürur mənbəyi kimi həmişə qəlblərində yaşadacaq. Allah Sizə uzun ömür bəxş eləsin.
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, arzu edirəm ki, bir gün Sizin azad edib bizə bəxş etdiyiniz Qubadlı şəhərinə, şəxsən doğulub boya-başa çatdığım Mahruzlu kəndinə hamımızın sevimlisi, fəxr və qürur mənbəyimiz hörmətli Mehriban xanımla birlikdə təşrif buyurub şəxsən mənim qonağım olasınız, bizimlə birlikdə o sevinci yaşayasınız.
Hörmət və ehtiramla,
Sizi qəlbən sevən milyonlardan biri,
Əliyev Baxşəli Əli oğlu,
Qubadlı rayonundan məcburi köçkün,
Qarabağ Müharibəsi veteranı, 2-ci qrup əlil, yazıçı-publisist, qəzəlxan-şair
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu