Zəhra Əsədzadədən, Bakı şəhəri Binəqədi rayonu, 21 noyabr 2020-ci il
Hörmətli Ali Baş Komandan! Tarix yazan sərkərdə! Mən Bakı şəhəri, Nizami rayonu 70 saylı məktəb liseyin 8-ci sinif şagirdi Əsədzadə Zəhra. Bu məktubu Sizə ata torpağı Qubadlı, ana torpağı Ağdamdan olan biri kimi çox böyük qürur hissi ilə yazıram. Mənə nənəm, babam Ağdamdakı, Qubadlıdakı xatirələrindən, atamla, anam isə bu gözəl diyarlarda keçən uşaqlıq illərindən həmişə danışırdı. Mən isə həmişə məyus olurdum ki, bu cür gözəl torpaqları, Bərgüşad və Həkəri çaylarını, yalnız və yalnız Şuşa ilə nəfəs alan Xarı bülbülü, Qarabağda fərəhlənib kişnəyən Qarabağ atını görə bilməmişəm. Ancaq hər zaman Sizə və Müzəffər Azərbaycan əsgərinə inanmışam. İnanmışam ki, bir gün ulu öndərimiz Heydər babanın oğlu işğalda olan bütün torpaqlarımızla bizi qovuşduracaq. Şükürlər olsun ki, bu, belə də oldu. 25 oktyabr Qubadlının, 8 noyabr Şuşanın, 9 noyabr isə demək olar, bütövlükdə Qarabağımızın yenidən bizim olacağını açıqladınız. Mən çox şadam ki artıq Həkərini, Bərgüşadı, Xarı bülbülü, Qarabağ atını Sizin sayənizdə öz gözlərimlə görə biləcəyəm. Bunun üçün Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Nə yaxşı ki, bizim Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız və tarix yazan sərkərdəmiz var. Bu şanlı Qələbimiz münasibətilə Sizi təbrik edirəm. Bütün Azərbaycan xalqı Sizi sevir. Hər zaman var olun İlham Heydər oğlu Əliyev! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əsədzadə Zəhra Faiq qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu