Şriftin ölçüsü :

Saytın rəngi :

Flora Quliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 14 dekabr 2020-ci il

 
Hörmətli cənab Prezident!
 
Mən Cəbrayıl rayonunun Maralyan kəndindənəm. Kəndimiz, kənddə olan evlərimiz ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilsə də, işğalda olan torpaqlarımızı, Qarabağımızı əsirlikdən qurtardığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Əgər əlimdə imkanım olsaydı, mən Ermənistanı beynəlxalq məhkəməyə verərdim. Çünki onlar mənim uşaqlıq xatirələrimi, ata-baba yurdumu tamamilə məhv ediblər. İnanıram ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş bütün torpaqlarımız yenidən firavan yaşayış məskəninə çevriləcək, canlanacaq və yenidən həyat bərpa olunacaq. Allah Sizə gələcək işlərinizdə kömək olsun. Mən Sizinlə fəxr edirəm, qürur duyuram. Nə yaxşı ki, mən azərbaycanlıyam, nə yaxşı ki, mənim Sizin kimi, həm yaraşıqlı, həm siyasətcil, həm humanist Prezidentim var. Mən ölkəmin birinci vitse-prezidenti çox hörmətli Mehriban xanımı da, Sizi də çox sevirəm.
 
Qeyd etmək istəyirəm ki, mənim qardaşım birinci Qarabağ müharibəsində şəhid olub. İndi rahatam ki, onun da qisası alındı. Uğrunda canını verdiyi Bayrağımız Qarabağda dalğalanır. Bizə bu sevinci yaşatdığınıza görə Sizə çox təşəkkür edirəm. Hər zaman kasıbın, kimsəsizin, ehtiyacı olanın yanında olan, köməyini əsirgəməyən hörmətli Mehriban xanıma və Sizə ömür boyu duaçıyıq. Allah Sizi və xalqımızı qorusun, haqq işinizdə kömək olsun.
 
Bu həyatda tək bir oğlumdan başqa heç kimsəm yoxdur, lazım gələrsə onu da Vətən uğrunda qurban verməyə hazıram. Ölkəmi, millətimi, dövlətimi və Bayrağımı çox sevirəm.
 
Hörmətlə,
 
Quliyeva Flora Həsən qızı,
 
Cəbrayıl rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər