Vəfa Mürsəlzadədən, Bakı şəhəri Binəqədi rayonu, 20 dekabr 2020-ci il
Hörmətli cənab Prezident
Sizin Vətən müharibəsi dövründə istənilən siyasi platformada göstərdiyiniz şücaət, zəngin siyasi və hərtərəfli biliyiniz, yenilməz iradəniz, Vətənə və xalqa sevginiz biz gənclər üçün böyük bir məktəb yaratdı. Siz dərin bilik və düşüncəniz, qüsursuz natiqlik bacarığınız ilə bütün Qərb, Avropa və Amerikanın mətbuat nümayəndələrini susdurdunuz, doğma xalqımızın haqq səsini dünyaya yüksək səviyyədə və layiqincə çatdırdınız. Biz gənclər sevinirik ki, Sizin rəhbərlik etdiyiniz bütöv və şanlı Azərbaycanın vətəndaşı, həsrətlə gözlədiyimiz Qələbənin şahidləriyik. Nə xoş biz gənclərə ki, bu gün bütün dünyanın pandemiya ilə mübarizə apardığı çətin dövrdə, 44 günlük şanlı döyüşlərdə işğaldan azad olunan, müqəddəs torpaqlarımızı öz qanları və canları bahasına mənfur düşməndən xilas edən qəhrəman bacı və qardaşlarımızın, igid oğullarımızın həmvətəni və soydaşıyıq.
Bu müqəddəs anları, əvəzsiz duyğuları, biz gənclərin heç bir zaman görmədiyi, lakin görmək üçün səbirsizləndiyimiz doğma Qarabağımızı, tariximizi bizlərə qaytardığınız üçün Sizə və şanlı Ordumuza sonsuz minnətdarıq. Uca Yaradan Sizi və Azərbaycan xalqını qorusun.
Hörmətlə,
Mürsəlzadə Vəfa Mirlayiq qızı, Bakı Dövlət Universiteti, SABAH qruplarının məzunu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu