Şriftin ölçüsü :

Saytın rəngi :

Reyhan Cəfərovadan, Bakı şəhəri Binəqədi rayonu, 23 dekabr 2020-ci il

 
Hörmətli cənab Prezident!
 
Siz hər il qeyd olunacaq 4 dekabr gününü Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunmuş xüsusi anım günü kimi yaddaşlarımıza həkk etdiniz. Bu gün biz ana Vətənimiz - Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən 2783 nəfər hərbi qulluqçunu böyük ehtiram, dərin hörmət hissi ilə andıq.
2783 nəfər sinəsini sipər edən qəhrəman, 2783 yarımçıq ömür, 2783 həyata keçməyən arzu, 2783 gözüyaşlı ana...
 
Bu tarixin yadda qalan bir məqamı da odur ki, Vətən müharibəsi şəhidlərinin anım gününün ikonası “Xarı Bülbül” oldu. Dünyanın çox yerində bitməyən xarı bülbül təbiətin möcüzələrindən biridir. Xarı bülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrildi. Sizin və müzəffər Azərbaycan Ordumuzun yorulmaz əməyi və gücü sayəsində Qarabağımız, Şuşamız azad olundu və gözəl Xarı bülbülümüz əsirlikdən azad olundu!
 
Hörmətli cənab Prezident, istərdim ki, Vətən müharibəsi şəhidlərinin anım gününün ikonası olan “Xarı Bülbül” medalı təsis olunsun, üzərində “Ana, mən şəhid oldum” yazısı yazılsın və bu medalla ancaq canlarını Vətən uğrunda qurban verən şəhidlərimizin anaları təltif olunsun. Qoy bu medal şəhid analarını fərqləndirən bir nişan olsun. Qoy ətrafda olan hər kəs müqəddəs analara hörmətlə yanaşsın. Qoy ürəklərinin üstündə daşıdıqları bu nişan şəhid analarımızı göylərə ucaltsın və cəmiyyətimizin hər bir üzvü bilsin ki, məhz bu anaların yetişdirdikləri igidlər bizə əsirlikdə olan, itirdiyimiz qürurumuzu qaytardılar, bizi özümüzə bağışladılar.
Müzəffər Ali Baş Komandan!
 
Sizi və şanlı Azərbaycan Ordumuzu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allah Sizi, Vətənimizi və şanlı Ordumuzu qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin.
 
Yaşasın Qarabağ! Yaşasın bütöv Azərbaycan!
 
Hörmətlə,
 
Cəfərova Reyhan Fəhrat qızı,
 
Mərkəzi Elmi Kitabxananın ümumi şöbəsinin müdiri,
 
hüquq üzrə fəlsəfə doktoru,
 
Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər