İsmayıl İsmayılovdan, Bakı şəhəri Binəqədi rayonu, 23 dekabr 2020-ci il
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi başda qoca ata və anam olmaqla bütün ailə üzvlərim adından 30 illik üzücü məğlubiyyətdən sonra erməni qəsbkarlarının üzərində çaldığınız Zəfər münasibətilə təbrik edirəm!
Bildirmək istərdim ki, oğlum müharibənin ilk günündən cəbhədə olmuşdur. Təsəvvür etmək çətin deyil ki, bu 44 gün bizim ailə, eləcə də ölkəmizin bütün xalqları üçün necə gərgin, həyəcanlı keçdi. Oğlum sağ-salamat öz hərbi hissəsinin tərkibində dislokasiya olunduğu yerə qayıtdı. Oğlumun sağ-salamat qayıtmasına görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Belə ki, Siz Ali Baş Komandan olaraq imkan vermədiniz əsgərlərimiz düşmən topları üçün canlı sipər olsunlar. Düşmən yəqin gözləyirdi ki, bizim əsgərlər hücuma keçəcək və onlar dağın başında uzunmüddətli atəş nöqtələrində oturub əsgərlərimizi məhv edəcəklər. Gözlədikləri olmadı. Allah şəhidlərimizə rəhmət eləsin. Biz əks-hücum edib az itki ilə qalib olduq, düşmən isə müdafiədə dəfələrlə çox itki verdi və məğlub oldu. Məhz Sizin rəhbərliyiniz ilə aparılan islahatlar, ultra müasir silahlarla təchizat az itki verməyimizə səbəb oldu.
Cənab Prezident, Allah Sizi qorusun. Siz atamız, qardaşımız, oğlumuzsunuz. Görülməli işlər çoxdur, Sizinləyik!
Qarabağ artıq Azərbaycandır!
Hörmətlə,
İsmayılov İsmayıl İbrahim oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu