Xuduş Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 16 aprel 2021-ci il
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən 85 yaşlı şəhid atası, 30 ilə yaxın məcburi köçkün kimi Sizə minnətdarlığımı bildirirəm.
1993-cü ildə evimdən-obamdan didərgin düşdüm, lakin heç zaman doğma Ağdama qayıtmaq ümidimi itirmədim. Nəhayət, xoş xəbəri Sizdən eşitdim.
Ulu Öndərimizin – atanızın vəsiyyətini yerinə yetirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Bu möhtəşəm Qələbəyə Sizin və qeyrətli oğullarımızın, zabit və əsgərlərimizin, Vətənə olan sevgimizin gücünə nail olduq.
Mən 1992-ci ildə Birinci Qarabağ Müharibəsində 20 yaşlı gənc oğlum şəhid oldu. Sonrakı ağır illərdə də digər ailə üzvlərimi də itirdim. Nəhayət, Sizin sayənizdə Vətən həsrətinə, çətin günlərə son qoyuldu. Vətənim işğaldan azad edildi. Ömrümün ixtiyar çağında doğma Qarabağıma, Ağdamıma, Şuşaya qovuşduğum üçün Sizə minnətdaram. İnşallah, tezliklə oğlumun doğulduğu torpağa, yurda qovuşacağam. Bu mənim 30 illik gecə-gündüz Allahdan dilədiyim ən böyük arzum idi.
Tanrı Sizi qorusun. Başınız hər zaman uca olsun. “Qarabağ Azərbaycandır!” deyən səsiniz, sözünüz var olsun!
Hörmətlə,
Xuduş Quliyev
Ağdam rayon sakini
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu