Zamanov Sənan Qahir oğlu
Soyad: ZamanovAd: Sənan
Ata adı: Qahir
Doğum tarixi: 17.08.1987
Şəhid olub: 30.09.2020
Rütbə: mayor
Təltifləri:
Şəhid mayor Zamanov Sənan Qahir oğlu 17 avqust 1987-ci ildə Qusar rayonu, Çiləgir kəndində dünyaya göz açmışdı. 1993-cü ildə Qusar rayon Çiləgir kənd orta məktəbində ibtidai təhsil almağa başlamışdır. 1994-cü ildə təhsilinə Bakı şəhəri, Nəsimi rayonu 211 saylı tam orta məktəbdə, daha sonra 1998-ci ildə Beyləqan rayonu, Milabad kənd məktəbində davam etmişdi. 2001-ci ildə qardaşı ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdu. Burada 3 il təhsil aldıqdan sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etmişdi. 2008-ci ildə oranı bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçmiş, 2009-cu il 20 iyul tarixində Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrdə taqım komandiri və bölük komandiri təyin edilmişdir. 2011-ci ildə baş leytenant, 2015-ci ildə kapitan rütbəsini almışdır. 2016-cı ildə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən 651 saylı hərbi hissəsində bölük komandiri təyin edilmiş və eyni ildə mayor rütbəsini almışdı. 2019-cu ildən mayor Zamanov Sənan xidmətinə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam edir. Vətən müharibəsi başlanan dövrdə O, maddi-texniki təminat taborunun komandiri vəzifəsində idi.
Vətən müharibəsi başlanandan 4 gün sonra, 31 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində gecə saatlarında gedən döyüşlərdə düşmən postuna daxil olan ilk hərbi qulluqçu, mayor Zamanov Sənan Qahir oğlu düşmən gülləsinin ürəyinə tuş gəlməsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur.O,Vətən müharibəsində Qusar rayonunun ilk şəhidi və yeganə ali rütbəli zabit şəhididir. 2 qız, 1 oğul övladı vardır. Şəhid mayor Zamanov Sənan Qahir oğlu Qusar rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alarkən, 2006-cı ildə atletika üzrə ordu birinciliyində 1-ci yeri tutmuşdu. 2017-ci ildə Azərbaycan Respublikasında bölük komandirləri arasında 2-ci yerə layiq görülmüşdü. Xidməti ərzində “1-ci və 2-ci dərəcəli qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 və 95-ci ildönümü ilə bağlı paradlarda iştirak etmişdi. Zabit xidmətinə motoatıcı taqım komandiri kimi başlayan leytenant Zamanov Maddi-Texniki Təminat (MTT) taboru komandiri mayor Zamanov kimi şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Qahir oğlu Zamanov “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.