Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev İmran Əli oğlu

Soyad: Əliyev
Ad: İmran
Ata adı: Əli
Doğum tarixi: 07.04.1993
Şəhid olub: 27.09.2020
Rütbə: Baş leytenant
Təltifləri:

 

İmran Əli oğlu Əliyev 1993-cü il aprel ayının 7-si Göyçay şəhərində dünyaya gəlmişdi. 1996-cı ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdü. 2000-ci ildə  Bakı şəhəri, Nəsimi rayonu Abdulla Şaiq adına 54 saylı orta məktəbin 1-ci sinfinə  getmiş, 2011-ci ildə orta təhsilini bitirdikdən sonra həmin ildə Azərbaycan Texniki Universitetinin Komputer Mühəndisliyi fakültəsinə daxil olmuşdu.

2015-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdı. Naxçıvandakı "N" saylı hərbi hissədə qulluq etmiş, 2016-cı ildə hərbi xidmətini başa vurduqdan sonra İmran bir müddət müxtəlif sahələrdə çalışmışdı. O, 2018-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən Dəniz adlı bir qızı dünyaya gəlmişdi.

Əliyev İmran 2019-cu ildə Müdafiə Nazirliyinin nəzdində olan Təlim Tədris Mərkəzində rabitə sahəsi üzrə 3 aylıq təlim kursu keçərək arzusu olan rabitəçi ixtisasına yiyələnmişdi. Sonra həmin sahə üzrə leytenant rütbəsi alaraq Bərdə rayonundakı N saylı Hərbi Hissədə rabitəçi vəzifəsini icra etməyə başlamışdı. Daha sonra o işindəki yüksək və keyfiyyətli fəaliyyətinə görə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə göndərilmiş, həmin hərbi hissədə taborun “Rabitə rəisi” vəzifəsinə təyin edilmişdi. Fiziki vəziyyəti buna imkan vermədiyini bildiyi halda öz problemini hər kəsdən gizlədərək Vətən müharibəsi başlayarkən hamımızın yaralı yeri, illərin böyük damğasını üzərimizdən götürmək üçün könüllü olaraq ön xəttə xidmətə müraciət etmişdi.      

Vətən Müharibəsi başlayanda Tərtərin Suqovuşan istiqamətində “Mübariz” postunda erməni işğalçılarına qarşı döyüşlərə qatılmış, döyüşə yollanmazdan əvvəl dostlarına və ailəsinə zəng vuraraq halallaşan İmran sanki hər şeyi öncədən hiss etmişdi. Qardaşına “Şəhid olsam qızımı və bayrağımı sənə əmanət edirəm onları göz bəbəyin kimi qoru”, demişdi.

Suqovuşan istiqamətində gedən döyüşdə 4 zabitlə gecə saat 4-dən səhər saat 10-a qədər erməni taboru ilə döyüşmüş İmran sentyabr ayının 27-də şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi döyüş meydançasından 03.10.2020-ci il tarixində götürmək mümkün olmuş və nəşini yaşadığı Binəqədi rayonu Zəngəzur yeni yaşayış massivi Kəpəz küçəsindəki evinə gətirilmiş, ertəsi gün 04.10.2020-ci il tarixində ailəsinin xahişi nəzərə alınaraq 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İmran Əliyev ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/488

Keçidlər