Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynov Ramin Qüdrət oğlu

Soyad: Hüseynov
Ad: Ramin
Ata adı: Qüdrət
Doğum tarixi: 08.09.1993
Rütbə: Gizir
Təltifləri: ”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Döyüşdə fərqlənməyə görə” medalları

 

Şəhid Ramin Qüdrət oğlu Hüseynov 8 sentyabr 1993-cü ildə Ağsu rayonunun Çaparlı kəndində dünyaya göz açmışdı. 2001-ci ildə Çaparlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2002-ci ildə ailəsi Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə köçdüyünə görə təhsilini Qamət Abbasov adına 284 saylı tam orta məktəbdə davam etdirmişdi.

2002-ci ilin oktyabr ayında hərbi xidmətə getmiş və 2013-cü ilin aprel ayında Vətən qarşısında borcunu şərəflə yerinə yetirib evlərinə qayıtmışdı.

Onun böyük qardaşı Röyal Hüseynov hərbiçi idi. Hərbçi peşəsi onu da özünə çəkmişdi. Ramin Hüseynov 2014-cü ilin yanvar ayında gizirlik məktəbinə daxil olub, hərbi biliklərə tam yiyələndikdən sonra Beyləqan rayon “N” saylı hərbi hissədə rabitə taborunun komandir müavini vəzifəsində xidmətə başlamışdı. 2016-cı il aprelin 2-dən başlayaraq Ermənistanın hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini bütün cəbhə boyu iri çaplı silahlar və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətdilər. Cəbhəyanı bölgəyə yaxın olan yaşayış məntəqələri və məcburi köçkün qəsəbələri atəşə məruz qaldı. Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik ələ keçirilmiş, düşmənə məxsus 6 tank, 15-ə dək artilleriya qurğusu məhv edilmiş, həmçinin onlarca hərbi qulluqçu öldürülmüşdür. Bu döyüşlərdə Ramin fəal iştirak etmişdi.

12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edirlər. Əsgər və zabitlərimizin həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsi məhv edilir, təxribatın qarşısı alınır. Gizir Ramin Hüseynov və gizir Röyal Hüseynov qardaşları öz taborları ilə hər iki döyüşdə iştrak etmiş və göstərdikləri hünərə görə “Fəxri Fərman”la təltif olunmuşlar.

27 Sentyabr 2020-ci ildə Ramin Vətən müharibəsinə qoşulur. Gizir Ramin Hüseynov oktyabrın 8-də Füzuli şəhərinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Ağsu rayonunun Çaparlı kənd qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə gizir Ramin Qüdrət oğlu Hüseynov Azərbaycan Respublikasının ərazi bötövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra ”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/1859

Keçidlər